"Azərbaycan 6 ayda müəyyənləşdirdiyi iqtisadi prioritetlərə nail ola bilib" ŞƏRH - ÖZƏL
“Bu ilin birinci yarısında Azərbaycan müəyyənləşdirdiyi iqtisadi prioritetlərə nail ola bilib. Ötən 6 ay müddətində ölkə iqtisadiyyatı 2.4 faiz artıb. Qeyri-neft sektorunun ÜDM-də artan faizi 3.2-dir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Qeyri-neft sənayesində artımın 15,7 faiz olduğunu deyən iqtisadçı söyləyib ki, bu, nəticə etibarı ilə ÜDM-dəki artımın daha çox qeyri-neft sektorundakı artım hesabına formalaşması anlamına gəlir.
Onun sözlərinə görə, göstəricilərə baxdıqda bir daha məlum olur ki, qeyri-neft sektorunun ümumi iqtisadi artıma təsir imkanları daha genişdir: “Bu da ilin birinci yarısının pozitiv cəhətlərindəndir. Çünki prioritetlərimizdən biri məhz qeyri-neft sektorunun ümumi artımda payını artırmaqdan ibarət idi. Bu, qeyri-neft sənayesinin ÜDM-dəki daha dayanıqlı olması baxımından artım tempinin formalaşmasına imkan verir ”.
V. Bayramov bildirib ki, ötən ilin 6 ayında iqtisadi göstəricilərlə əlaqədar mühüm məqamlardan biri dövlət rezervləri ilə bağlıdır: “Belə ki, burada 4 milyard dollara yaxın artım qeydə alınıb. Bu da əlbəttə ki ötən gün Preziden İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə də qeyd olunduğu kimi xərcləmələrin konsolidasiya olunması, səmərəlilik prinsipinin həyata keçirilməsi büdcədə kəskin xərcləmələrə gedilməməsi, eləcə də Dövlət Neft Fondundan büdcəyə transferlərin optimallaşdırılması ilə bağlıdır. Eyni zamanda neftin dünya bazarında da qiymətin proqnozlaşdırılandan daha yüksək oldu. Bildiyimiz kimi, bu ilin büdcəsində neftin qiyməti 60 dollar, lakin satış qiyməti 65 dollardan çox oldu. Bu baxımdan valyuta yığımı daha geniş olub ki, bunun da nəticəsində Azərbaycan 6 ay müddətində dövlət rezervlərini artırmaq imkanına malik olub”.
Ötən gün keçirilən müşavirədə mühüm məqamların qeyd olunduğunu vurğulayan ekspertin fikrincə, gündəmdə olan məsələlərdən biri nağdsız ödənişlərin artırılmasıdır ki, bununla bağlı Prezident İlham Əliyev tərəfindən xüsusi tapşırıq verilib.
O qeyd edib ki, nağdsız ödənişlərin artırılması bir tərəfdən kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi baxımından, həm büdcədən yayınmaların aradan qaldırılması, həm də bütövlükdə nəğd pul dövriyyəsinin optimallaşdırılması baxımından vacibdir: “Dövlət başçısının ötəngünkü müşavirədə tapşırıqlarına uyğun olaraq nağsız hesablaşmaların payının artması, nağdlı hesablaşmaların azaldılması istiqamətində daha fərqli fəaliyyətlər həyata keçiriləcək. Xüsusilə də inkişaf etmiş ölkələrdə olduğu kimi şirkətlər üçün təşviqedici mexanizmlərin tətbiqinə ehtiyac var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB