Yanvar ayında 3,4 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal edilib
Azərbaycanda məhsul istehsalı və xidmət sahələrində, habelə məhsula və idxala xalis vergilər nəzərə alınmaqla yanvar ayında 3,4 milyard manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib. Bu isə keçən ilin müvafiq dövrünün səviyyəsindən 0,8 faiz yüksək olub.
SİA-nın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, orta hesabla ölkənin hər bir sakininə düşən ÜDM istehsalı 382,7 manat (479,9 ABŞ dollar) olub. 2011-ci ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 2,5 milyard manatlıq, yaxud 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilib.
İqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq sənaye məhsulunun 74,4 faizi mədənçıxarma bölməsində, 19,1 faizi emal bölməsində, 5,9 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
2011-ci il yanvarın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 9,2 milyard manat məbləğində kredit ayırıb. Verilmiş kreditlərin həcmi 2010-cu ilin yanvarı ilə müqayisədə 9,0 faiz artıb, onun 72,0 faizi və ya 6,6 milyard manatı uzunmüddətli olub. Kreditlərin 492,9 milyon manatının, yaxud 5,4 faizinin ödəmə vaxtı keçib. Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 29,8 faiz artaraq yanvar ayının 1-i vəziyyətinə 3,0 milyard manata çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə