Hərbi məhsullarımız “IDEF-2019” sərgisində

Hərbi məhsullarımız “IDEF-2019” sərgisində

Bu gün İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “IDEF-2019” XIV beynəlxalq müdafiə sənayesi sərgisi açılıb. SİA xəbər verir ki, 53 ölkədən 1061 şirkət və 500-dən çox rəsmi nümayəndə heyətinin qatıldığı sərginin açılışında Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev də iştirak edib.

“IDEF-2019” sərgisində milli pavilyonla təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pirotexniki vasitələr, optik sistemlər, döyüş maşınları, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və digər hərbi təyinatlı məhsullar tədbirin birinci günündə ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirə qatılan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və digər güc qurumlarının nümayəndələri MSN-in stendində nümayiş etdirilən məmulatlarla tanış olublar.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin dost və müttəfiq ölkələrin rəsmi nümayəndə heyətləri, habelə bu sektorda fəaliyyət göstərən aparıcı firmaların nümayəndələri ilə görüşləri təşkil olunacaq.

“IDEF-2019” sərgisi işini mayın 3-dək davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə