Aqrar sahədə sığorta sisteminin tətbiqi üçün tədbirlər görüləcək

Azərbaycanda dövlət aqrar sahədə sığorta sisteminin tətbiqi üçün tədbirlər görəcək. SİA-nın məlumatına görə, bu məsələ yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, dövlət aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyən edir, aqrar sığorta sisteminin tətbiqinə nəzarət edir, sistemin inkişafı üçün tədbirlər görəcək.

Aqrar sığortanın predmetləri kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, arı ailələri, kənd təsərrüfatı məqsədləri ilə yetişdirilən dovşanlar, su heyvanlarları, dəvə, lama və dəvə quşları daxildir.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğın, qəzalar, yoluxucu xəstəliklər və zəhərlənmələr, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləri üzrə sığortalanırlar. Aqrar sığorta haqqı aqrar sığortalı tərəfindən ödənilməli olan hissədən, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissədən ibarət olacaq.

Aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən yaradılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə