“Azəriqaz” səyyar xidmət göstərəcək

“Azəriqaz” səyyar xidmət göstərəcək

“Azəriqaz” İstehsalat Birliyi səyyar formada bir neçə rayonda xidmət göstərəcək. SİA xəbər verir ki, səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” tərəfindən martın 28-dən aprelin 11-dək Göygöldə, 28 mart-16 aprel tarixlərində Neftçala, Zərdab, Mehdiabadda, martın 28-dən aprelin 26-dək isə Balakən, Ağcabədi, İsmayıllı, Qusar, Astara və Salyan rayonlarında səyyar formada xidmətlər həyata keçiriləcək.

Abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi xüsusi tərtibatla hazırlanmış “Səyyar ASAN” avtobuslar və qatar vasitəsilə təmin olunacaq.

Bu layihə çərçivəsində istehlakçılar müqavilələrin bağlanması, sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi də daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə