“Yaşıl Dəhliz”lə keçən sahibkarlara yaşıl işıq - FOTOREPORTAJ

“Yaşıl Dəhliz”lə keçən sahibkarlara yaşıl işıq - FOTOREPORTAJ

Gömrük postundan hər 5-15 dəqiqə arasında iri tonnajlı yük daşıyan nəqliyyat vasitəsi keçir. Sahibkarlar gömrükdə vaxt itirmədən mallarını ölkəyə gətirir və ya başqa ölkəyə aparırlar. Media nümayəndələri bütün bu proseslərin Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda canlı şahid oldular.

Belə tez zamanda bu proses necə baş tutur? Sənədlər necə belə tez rəsmiləşdirilir? Bəs yüklər necə belə tez yoxlanılır?

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin jurnalistlər üçün Şəkidə təşkil etdiyi “Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda təlim çərçivəsində səfər etdiyimiz bu gömrük postunda apardığmız müşahidələr və gömrükçülərin bütün prosesi əyani şəkildə göstərməsi ilə bütün suallar cavabını tapdı.

Sahibkarlar ofislərini tərk etmədən, idxal-ixrac əməliyyatlarını həyata keçirə bilirlər

Jurnalistlərə məlumat verildi ki, gömrük sahəsində aparılan islahatlar nəticəsində yaradılan və fevralın 1-dən tətbiq edilən "Yaşıl dəhliz" buraxılış sistemi vasitəsi ilə sahibkarlar mallarını gömrük postundan çox tez bir zamanda keçirə bilirlər. Bildirildi ki, Prezident İlham Əliyevin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 2018-ci il 21 dekabr tarixli Fərmanına əsasən artıq bir çox sahibkarlar bu sistemdən uğurla istifadə edirlər.

“Yaşıl dəhliz” sisteminə qoşulan sahibkarlar ofislərini tərk etmədən, öz anbarlarından idxal-ixrac əməliyyatlarını həyata keçirə bilirlər. Bu sistemdən istifadə etmək üçün onlar ilk növbədə elektron müraciət formasını doldururlar. İxrac zamanı isə sahibkarlar bir saat öncədən ixrac bəyənnaməsini və qanunvericiliklə tələb olunan məlumatları gömrük orqanlarına göndərirlər.

"Yaşıl Dəhliz" buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.

“Bir TIR-da bir şirkətin bir növ malı olanda, sənədlər 5-10 dəqiqəyə hazırlanır”

Sonra Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehtiyev media nümayəndələrini iş prosesi ilə tanış etdi və sualları cavablandırdı.

Bildirdi ki, bu postda "Yaşıl Dəhliz" buraxılış sistemi üçün bir pəncərdə bir inspektor fəaliyyət göstərir. Onun sözlərinə görə, sözügedən sistem vasitəsilə sürətli keçid təmin olunur: “Məsələn, bir TIR-da bir şirkətin bir növ malı olanda, əvvəllər sənədləri 15-20 dəqiqəyə yazılırdısa, indi 5-10 dəqiqəyə yazılıb hazırlanır. Ancaq bir TIR-ın içində bir neçə adda mal olanda sənədləşmə 15-20 dəqiqə çəkir. Bu müddətin də qısaldılması istiqamətində çalışılır. Həm biz, həm də sürücülər tərəfindən təkliflər verilib. Növbələrin olmaması, ən qısa müddətə sənədləşmənin aparılması üçün prosesləri təyinat orqanlarının icra etməyini düşünürük. Onsuzda mallar orada dayanır və sürücü sənədlərini təqdim edir. Buradakı proses isə 10 dəqiqə yox, lap 2-dəqiqə olsun”.

“Sürücülərdən kreativ ideyalar çıxır”

A.Mehtiyev vurğulayıb ki, yeni təklifləri dinləmək üçün vətəndaşlarla görüşlər də təşkil olunur: “Onlar razılıqlarını ifadə edirlər. Biz onlara daha yaxşı nəcə xidmət edə biləcəyimizi soruşuruq. Çox maraqlıdır ki, ən çox sürücülərdən kreativ ideyalar çıxır. Bəzən problemlərini bu gün həll edə bilməsək də, zamanla həllinə çalışırıq və istədiyimizə nail oluruq. Bu, çox məhsuldar üsuldur. Onları dinlədikcə, daha sürətlə inkişaf edirik”.

Rəis müavini qeyd edib ki, vətəndaşlar gömrük orqanlarındakı bütün proseslərdən sonra yol vergisi kimi ödənişləri həyata keçirmək üçün "Azərpoçt"un filialında ödənişlər etməlidirlər. Onun sözlərinə görə, gələcəkdə bu ödənişlər elektron sistemlə həyata keçiriləcək. Quraşdırılacaq cihazlarla ödənişlər birbaşa dövlət büdcəsinə köçəcək və burada insan faktoru olmayacaq.

Hər bir əməkdaş gömrük postunda bütün işləri yerinə yetirə bilir

A.Mehtiyev vurğulayıb ki, gömrük postunda əvvəllər hər əməkdaşın öz funksiyası olduğu halda, bu gün onlar elə yetişdiriliblər ki, hər biri bütün işləri yerinə yetirə bilir. Bu, işlərin operativ həyata keçirilməsi üçün də sıçrayış olub.

Sonda media nümayəndələri “Mazımçay" gömrük postunda xatirə şəkli çəkdiriblər.

Elgün Vidadioğlu

Balakən, Şəki

Bütün xəbərlər Facebook səhifəmizdə