Bu il Azərbaycanda sosial ipotekanın verilməsi şərtlərində hər hansı dəyişiklik gözlənilmir
Bu il ərzində Azərbaycanda "Tikinti əmanət bankları haqqında" qanun qəbul ediləcək. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, bu qanun qəbul edildikdən sonra AMB tərəfindən ipoteka kreditləri üzrə digər bir model - alman modeli tətbiq ediləcək. Çünki, hazırda mövcud ipoteka modelinin təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur: "Yeni modeldə isə əhalinin əmanətlərinin yığımları vasitəsi ilə ipotekanın verilməsi sistemi yaradılacaq".
Eyni zamanda bu il Azərbaycanda sosial ipotekanın verilməsi şərtlərində hər hansı dəyişiklik gözlənilmədiyini deyən ölkənin baş bankiri qeyd edib ki, cari ilin dövlət büdcəsində sosial ipoteka kreditləşməsinə 14 milyon manat vəsait ayrılması nəzərdə tutulub: "İl ərzində bu vəsaitin əhaliyə çatdırılması nəzərdə tutulur. Şərtlərdə elə bir ciddi dəyişiklik olmayacaq. Əvvəlki şərtlər qalıb. Təbii ki, bazarda sosial və kommersiya ipotekasına tələb daha böyükdür".
E. Rüstəmov hazırda AMB-nin hökumətlə birlikdə sosial və kommersiya ipotekasının genişləndirilməsi imkanlarının axtarıldığını, eyni zamanda mövcud ipoteka modelinin təkmilləşdiriləcəyini vurğulayıb. AMB sədri hesab edir ki, tələbin artması tikinti sektorunda aktivliyin artması ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB