Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti ilə Energetika Nazirliyində görüş keçirilib.
SİA xəbər verir ki, görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə enerji sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib, bankın dəstəyi ilə həyata keçirilən layihələrlə bağlı müzakirələr aparılıb.
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə uzunmüddətli və səmərəli əməkdaşlığı Energetika naziri Pərviz Şahbazov yüksək qiymətləndirib və Cənub Qaz Dəhlizi layihəsinə bankın maliyyə dəstəyini xüsusilə qeyd edib. Nazir energetika sektorunda aparılan islahatlar, bərpaolunan enerjidən istifadənin genişləndirilməsi, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı bank ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Hazırda enerji sahəsində əməkdaşlığın fəaliyyət dairəsinin geniş olduğunu vurğulayan bankın prezidenti S.Çakrabarti, icra prosesində olan layihələrin effektivliyinin təmin edilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyini davam etdirəcəyini bildirib.
Gələcəkdə Azərbaycanda həyata keçiriləcək bərpaolunan enerji mənbələri ilə bağlı layihələrə bankın investisiya qoymaq imkanları, bu sahədə aparıcı ölkələrlə təcrübə mübadiləsi, enerji səmərəliliyinə dair məsələlər də söhbət zamanı nəzərdən keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB