"Sahibkarlığın inkişafı ilə özəl sektorun iqtisadiyyatdakı çəkisi daha da artır" RƏY-ÖZƏL

"Sahibkarlığın inkişafı ilə özəl sektorun iqtisadiyyatdakı çəkisi daha da artır" RƏY-ÖZƏL

“Azərbaycanda dövlət-sahibkar münasibətlərinin inkişafı, biznesə yeni dəstək mexanizmlərinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsidir ki, ölkəmizdə özəl sektorun payı artaraq ÜDM-də 84 faizə yaxın, məşğulluqda isə 76 faiz təşkil edir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə deyib.

İqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının Azərbaycan Prezidentinin daim diqqətində olduğunu deyən komitə sədri söyləyib ki, sahibkarlığa dövlət dəstəyi sisteminin tərkib hissəsini sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, ixrac missiyalarının təşkili və digərləri təşkil edir.

Onun sözlərinə görə, atılan addımlar Azərbaycanda sahibkarlığın davamlı inkişafının təmin olunmasına və özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artmasında mühüm rol oynayır.

Z. Səmədzadə qeyd edib ki, bu gün Azərbaycanın iqtisadiyyatı heç kimdən asılı deyil: “Cənub Qaz Dəhlizi, TANAP və digər bu kimi iri layihələrin Azərbaycan tərəfindən həyata keçirilməsi ölkəmizin tranzit ölkə kimi nüfuzunu daha da artırıb. Atılan addımların əsas göstərici iqtisadiyyatımızın 3 dəfədən çox artması, valyuta ehtiyatlarımız ÜDM-yə bərabər səviyyədə olmasıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə