2018-ci ildə sənayenin inkişafında müsbət nəticələr əldə olunub - ŞƏRH

2018-ci ildə sənayenin inkişafında müsbət nəticələr əldə olunub - ŞƏRH

"2018-ci ilin yanvar-noyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 38,5 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 82,9 faizi mədənçıxarma, 15,2 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur". Məlumat "Səs" qəzetinə açıqlamasında Bakı şəhər Statistika İdarəsinindən bildirilib.

Məlumatda qeyd olunur ki, 2018-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində Yüksəkgərginlikli Avadanlıqlar Zavodu, 110/35/10 kilovoltluq "Yasamal-1" və "Qobu", 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, "Bona Dea" Beynəlxalq Hospitalı, "Dinamo" oteli, Respublika Narkoloji Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı istifadəyə verilmişdir: "2018-ci ilin yanvar-noyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,1 faizini əsaslı təmir, 4,5 faizini cari təmir, 19,7 faizini isə sair tikinti işləri təşkil etmişdir".

İdarədən bildirilib ki, 2018-ci ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar- noyabr ayları ilə müqayisədə 3,4 faiz artaraq, 17568,6 milyon manat olmuşdur: "Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 33,1 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 19,3 faiz az istehlak məhsulları satılmışdır. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunmuşdur".

Məlumatda o da bildirlib ki, 2018-ci ilin yanvar-noyabr aylarında ictimai iaşə, ödənişli xidmətlər haqqında, əməkhaqqının səviyyəsi yüksək nəticələrin ölçülməsi ilə müşahidə olunub: "Ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olmuşdur".

Qismət İsmayılov

Bütün xəbərlər Facebook səhifəmizdə