2018-ci il Azərbaycan iqtisadiyyatı üçün nə ilə yadda qaldı? ŞƏRH-ÖZƏL

2018-ci il Azərbaycan iqtisadiyyatı üçün nə ilə yadda qaldı? ŞƏRH-ÖZƏL

“2018-ci ildə Azərbaycan iqtisadiyyatı stabilliyini qoruyub saxlaya bildi, eyni zamanda iqtisadiyyatda artım qeydə alındı”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycan iqtisadiyyatının 2018-ci ildə təxminən 1 faiz artması 2017-ci ildə əldə edilən stabillikdən sonra iqtisadi inkişafın bərpası kimi baza artım olaraq xarakterizə olunur: Onun sözlərinə görə, çünki növbəti illərdə Azərbaycan daha yüksək iqtisadi artım əldə edə biləcək.

V.Bayramov söyləyib ki, beynəlxalq maliyyə qurumlarının proqnozuna əsasən 2019-cu ildə Azərbaycan iqtisadiyyatındakı artım tempi 3,6 faizə qədər yüksələcək.

2018-ci ilin Azərbaycan və region üçün əhəmiyyəti olan bir sıra beynəlxalq layihələrin reallaşması ilə yadda qaldığını deyən ekspert qeyd edib ki, Cənub Qaz Dəhlizinin açılışının 2018-ci ilə təsadüf etməsi, eləcə də bu dəhliz vasitəsi ilə mavi qazın Türkiyə bazarına ötürülməsi cari ilin iqtisadi baxımdan ən yadda qalan hadisələrindən biri oldu: “Praktiki olaraq Cənub Qaz Dəhlizinin Avropa hissəsinin də inşaatı başa çatmaq üzrədir və Azərbaycan bu dəhliz vasitəsi ilə Türkiyəyə əlavə olaraq 8 milyard kubmetrə yaxın mavi qaz, Avropaya birinci mərhələdə 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetrdən artıq mavi qaz nəql edəcək. Bütövlükdə Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa və Türkiyəyə ötürüləcək mavi qazın həcmi 31 milyard kubmetr olacaq. Bu da Azərbaycana mövcud qiymətlər ilə 150 milyard dollara yaxın gəlirin daxil olması deməkdir”.

V. Bayramov qeyd edib ki, 2018-ci ildə eyni zamanda qeyri-neft sektorunda da bir sıra layihələr reallaşıb: “Belə ki, sənaye parklarının açılması xüsusən regionlar üçün əhəmiyyətli olan layihələrin icrası kimi xarakterizə olunur”.

2018-ci il Vergi Məcəlləsinə güzəştlərin genişləndirilməsi baxımından tətbiq edilən dəyişiklərlə yadda qaldığını dilə gətirən ekspert söyləyib ki, məcəlləyə edilən dəyişikliklərin 2019-cu il yanvar ayının 1-dən qüvvəyə minəcəyinə baxmayaraq, bu dəyişikliklərin hazırlanması və tətbiqi məhz 2018-ci ilə təsadüf etdi. “2018-ci ildə neftin dünya bazarındakı qiymətlərində də artım və azalmalar müşahidə olundu. Ay yarım ərzində neftin dünya bazarında qiyməti hər barel üçün 86 dollardan 60 dollara qədər azalsa da, Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı. Ümumilikdə götürsək isə, 2018-ci il əvvəlki ildə əldə edilən stabilliyin iqtisadi artıma çevrilməsi ili kimi yadda qaldı. Bu növbəti illərdə daha sürətli iqtisadi artım üçün baza formalaşdırır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə