Bakıda mənşəyi bilinməyən “bildirçin yumurtası” satılır

Bakıda mənşəyi bilinməyən “bildirçin yumurtası” satılır

Bakı şəhərinin ticarət şəbəkələrində keyfiyyətsiz "bildirçin yumurtası" satılması ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə daxil olmuş şikayət məktubunun araşdırılması məqsədilə Komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları monitorinq keçiriblər. Komitədən SİA-ya verilən xəbərə, araşdırma zamanı müəyyən olunub ki, paytaxtın əksər ticarət şəbəkələrində mənşəyi bilinməyən, normativ sənədi mövcud olmayan, heç bir əsas olmadan qablaşdırma məhsulunun üzərində saxlanma müddəti 45 gün göstərilən "bildirçin yumurtası" satılmaqdadır. İdarə əməkdaşları tərəfindən bu məhsullar satışdan çıxarılıb.

Qanunvericiliyin tələblərinə uyğun olmadan bildirçin yumurtasını qablaşdıran müəssisənin Bakının Mehdiabad qəsəbəsində yerləşdiyi aşkar edilib. Hazırda müəssisədə yoxlamalar davam etdirilir.

Məlumat üçün bildirək ki, bu məhsul üçün mövcud sənəd yalnız İsmayıllı rayonu Gülyan kəndində fəaliyyət göstərən fiziki şəxs İlqar Həsənəlizadəyə məxsusdur. Adıçəkilən müəssisəyə məxsus "Ərzaq üçün bildirçin yumurtası" Texniki şərti 11.01.2010-cu il tarixində Dövlət qeydiyyatına alınıb və müəssisə uyğunluq sertifikatı ilə təmin edilib. Texniki şərtə əsasən bildirçin yumurtasının saxlanma müddəti 0-8 dərəcə tempraturda 25 gün, 8-15 dərəcə tempraturda 10 gün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə