Türkmənbaşıda beynəlxalq nəqliyyat konfransı keçirilir

Türkmənbaşıda beynəlxalq nəqliyyat konfransı keçirilir

Bu gün Türkmənbaşı şəhərində tranzit və nəqliyyat əməkdaşlığı haqqında “Lapis-Lazuli” Sazişinin iştirakçısı olan ölkələrin (Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə) nəqliyyat nazirlərinin beynəlxalq konfransı keçirilir. SİA xəbər verir ki, konfransın işində Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Konfrans “Lapis-Lazuli” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında Sazişin müddəalarının qısa müddətdə həyata keçirilməsini təmin etmək məqsədilə Türkmənistan Prezidenti Qurbanqulu Beriməhəmmədovun sərəncamına müvafiq olaraq keçirilir.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun konfrans iştirakçılarına təbrikini Türkmənistanın baş nazirinin müavini Məmmədxan Çakıyev oxuyub.

Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov Plenar iclasda çıxış edərək bildirib ki, Azərbaycan “Lapis-Lazuli” layihəsinin reallaşdırılması üçün əlindən gələni edəcək. Baş nazirin birinci müavini deyib ki, nəqliyyat sahəsi Azərbaycan-Türkmənistan tərəfdaşlığının strateji istiqamətlərindən biridir. Bu sahədə tranzit-nəqliyyat və logistika infrastrukturunun yaradılması və inkişaf etdirilməsi üçün geniş imkanlar var.

Yaqub Eyyubov Azərbaycan Prezidentinin bu günlərdə Türkmənistana rəsmi səfər etməsini xatırladaraq deyib ki, həmin səfər müddətində nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Səfər çərçivəsində imzalanmış 21 sənəddən 9-u tranzit-nəqliyyat əməkdaşlığına aiddir. Bu il Bakı və Türkmənbaşı şəhərlərində açılmış limanları “Lapis-Lazuli” nəqliyyat marşrutunun əsas yükaşırma məntəqələri adlandıran Y.Eyyubov bildirib ki, Bakı limanının yükaşırma qabiliyyəti birinci mərhələdə ildə 15 milyon tona, növbəti mərhələdə isə ildə 25 milyon tona bərabər olacaq. Tranzit-nəqliyyat əməkdaşlığını ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın mühüm amillərindən biri adlandıran Azərbaycan Baş nazirinin birinci müavini xatırladıb ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyləri ilə bir il bundan əvvəl istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Asiyanı Avropa ilə birləşdirən ən qısa marşrutdur.

“Lapis-Lazuli” marşrutuna dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb.

Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. “Lapis-Lazuli” beynəlxalq nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır

Forumun işində Sazişin iştirakçısı olan ölkələrin nüfuzlu nümayəndə heyətləri, dünyanın bir sıra ölkələrindən gəlmiş mütəxəssislər, o cümlədən nəqliyyat şirkətlərinin, sahəvi nazirlik və idarələrin, beynəlxalq təşkilatların və KİV-lərin nümayəndələri iştirak edirlər.

Azərbaycan nümayədə heyətinin tərkibinə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov, Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər daxildir.

Forumda plenar iclaslar keçirilməsi, habelə “Tranzit-nəqliyyat dəhlizinin fəallaşmasında dövlətlərarası əməkdaşlığın rolu, tranzit-nəqliyyat dəhlizlərinin inkişafında logistik şirkətlərin əhəmiyyəti”, “İnfrastruktur və nəqliyyat imkanları”, “Multimodal daşımalar və onların dövriyyəsi” seksiyalarının işi nəzərdə tutulur. Konfrans çərçivəsində sərgi təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə