Özəlləşdirmə çeklərinin yeni özəlləşdirmə mexanizmləri müəyyənləşdirilib
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən genişmiqyaslı iqtisadi islahatlar çərçivəsində dövlət mülkiyyətinin özəlləşdirilrməsi prosesində sosial ədalət prinsipinin və vətəndaşların bütün təbəqələrinin bərabərhüquqlu iştirakının təmin edilməsi məqsədi ilə dövriyyəyə dövlət özəlləşdirmə payları (çekləri) buraxılıb.
Qurumdan SİA-ya verilən xəbərə görə, çeklərin dövriyyəyə buraxılması 1996-cı il yanvar ayının 1-dən başlanmış və iki mərhələdə həyata keçirilib. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Qanunvericiliyə uyğun olaraq 1997-ci il yanvar ayının 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib.
Qanunvericilik əsasında dövlət özəlləşdirmə çeklərindən ixtisaslaşdırılmış çek hərraclarında, investisiya müsabiqələrində, özəlləşdirilən müəssisələrin əmək kollektivi üzvləri arasında keçirilən güzəştli satışda istifadəsi müəyyənləşdirilib.
Ötən dövr ərzində vətəndaşların, eləcə də hüquqi və fiziki şəxslərin özəlləşdirmə prosesində bərabərhüquqlu iştirakının, özəlləşdirmə çeklərindən daha səmərəli istifadəni təmin etmək məqsədilə qanunvericiliklə nəzərdə tutulan zəruri tədbirlər həyata keçirilib.
Ümumilikdə özəlləşdirmə prosesi çərçivəsində 25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki silinmişdir ki, bu da dövriyyəyə buraxılmış ümumi çeklərin təxminən 80%-ni təşkil edir.
Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılıb. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 23 dekabr 2009-cu il tarixli Fərmanı ilə sonuncu dəfə çeklərin tədavül müddəti uzadılıb. Qeyd edilən fərmana əsasən dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2010-cu il dekabrın 31-də başa çatır.
Azərbaycanda özəlləşdirmə çeklərinin istifadə müddəti başa çatmasından sonrakı dövr üçün yeni özəlləşdirmə mexanizmləri müəyyənləşdirilib.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 22 iyun 2010-cu il tarixli Fərmanına əsasən yaradılan yeni mexanizmlər özəlləşdirmə paylarının (çeklərin) müddəti başa çatandan sonra əhalinin özəlləşdirmədə iştirakını təmin edəcəkdir.
Bu dəyişikliklər həm səhmdar cəmiyyətlərinin səhmlərinin güzəştli satışı, pul və ixtisaslaşdırılmış çek hərracları, həm də kiçik müəssisələrin özəlləşdirilməsi prosesini əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB