NATO PA-nın nümayəndə heyəti Səngəçal terminalı barədə məlumatlandırılıb

NATO PA-nın nümayəndə heyəti Səngəçal terminalı barədə məlumatlandırılıb

NATO Parlament Assambleyasının nümayəndə heyəti Səngəçal terminalı barədə məlumatlandırılıb. SİA BP-yə istinadla xəbər verir ki, Azərbaycana səfərlərinin bir hissəsi olaraq NATO Parlament Assambleyasının nümayəndə heyəti Səngəçal terminalına səfər edib, dünya səviyyəli “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz-2” layihələrinin uğurla təhvil verilməsi üçün əhəmiyyətli olan BP-nin yüksək iş icrası və əməliyyatlar standartları haqında məlumat alıblar.

Qeyd edək ki, Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərdən biridir. Terminal Xəzər hövzəsində BP tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq, ixrac etmək üçün nəzərdə tutulub. Səngəçal terminalı təxminən 550 hektar ərazini əhatə edir və bu onu dünyanın ən böyük neft və qaz terminallarından biri edir. Terminalın operatoru BP şirkətidir. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 32 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetrdir.

Bu ilin ilk iki rübü ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 141 milyon barreldən çox neft və kondensat, o cümlədən təqribən 124 milyon barreldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 16 milyon barreldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1 milyon barrelə yaxın ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur. Altı ay ərzində terminaldan, həmçinin gündəlik orta hesabla 27 milyon standart kubmetr (963 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib. Səngəçal terminalının genişləndirilməsi nəticəsində bu, ona ildə əlavə 16 milyard kubmetr qaz emal etməyə imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə