Azərbaycan uğurlu inkişaf modedlinə malik dövlətdir

Azərbaycan uğurlu inkişaf modedlinə malik dövlətdir

Dövlət başçısının Fərmanı ilə "Mərkəzləşdirilmiş elektron-informasiya sistemi" yaradılacaq

Dünyada iqtisadi qüdrəti ilə seçilən Azərbaycan innovativ texnologiyalardan istifadə imkanları ilə də fərqlənir. Dövlət başçısı tərəfindən Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər, davamlı olaraq, həyata keçirilir. Həyata keçirilən dövlət proqramları, layihələr, islahatların nəticəsi olaraq informasiya texnologiyalarının geniş tətbiqinə yeni imkanlar açılıb. Artıq ölkəmizdə elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanı ölkəmizdə, nəinki elektron hökumətin inkişafı, həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynadı. Bu gün ölkəmizdə "Elektron hökumət" portalı fəaliyyət göstərir və bu portala qoşulmuş dövlət qurumlarının elektron xidmətlərinin "bir pəncərə" prinsipi əsasında əhaliyə təqdimi də görülən işlərin məntiqi davamıdır. Bütün bunlarla yanaşı, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzləri yaradıldı ki, bu da qısa müddətdə özünü doğrultdu. Bu, onu göstərir ki, Azərbaycan uğurlu inkişaf modedlinə malik dövlətdir.

Göründüyü kimi, ölkəmizdə modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədi ilə əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb və bu, davam etməkdədir. Ötən gün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında "Mərkəzləşdirilmiş elektron-informasiya sistemi" yaradılacaq. Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qurumun fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə "e-sosial" internet portalının (bundan sonra - Portal) üç ay müddətində yaradılmasını təmin edəcək. Portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Xüsusi Dövlət-Mühafizə Xidməti ilə birlikdə tədbirlər həyata keçirəcək.

Sənəddə o da qeyd olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya təyinatının avtomatlaşdırılmasına, bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə və vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayaraq, Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində Cənab Prezidentin Fərmanı əhaliyə göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsində növbəti bir addımdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə