Sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi istiqamətində keçirilən reydlər öz nəticələrini verir

Sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi istiqamətində keçirilən reydlər öz nəticələrini verir
Sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi, istehlakçıların elektrik enerjisindən təyinatı üzrə istifadə etmələri, onlar arasında aparılan təbliğat işi və keçirilən reydlər öz nəticələrini verir. Azərenerji ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qayda pozuntusu faktında azalma, istehlak edilmiş elektrik enerjisinin ödənişində isə dinamik artım qeydə alınır.

Quba elektrik şəbəkəsindən (EŞ) bildirilib ki, müəssisə üzrə cari ilin oktyabr ayında ümumilikdə 7,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 9,7 milyon kilovatsaatdan artıq olub. Hesabat dövründə ümumi ödəniş 82 faizə, ötən ilin müvafiq dövründə isə bu göstərici 58 faizə qədər olub. Nəticədə istehlakın 22 faizdən çox azalması və ödənişin isə 10,6 faiz artdığı müşahidə edilib.

O cümlədən, daimi əhali istehlakçı qrupunda 4,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Beləliklə ödəniş 72 faizdən çox olub.

Ötən ilin müvafiq dövründə bu göstəricilər uyğun olaraq 6,9 milyon kilovatsaat, yəni 44 faiz olub. Nəticədə isə istehlak 37 faizə yaxın azalıb, ödənişdə isə mütləq artım 5 faizdən çox olub.
Cari ilin 10 ayı ərzində ümumilikdə 80,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib, ümumi ödəniş isə 73 faiz olub. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 90,7 milyon kilovatsaat, yəni 70 faiz olub.

O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 49 milyon kilovatsaatdan artıq olub ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 11 milyon kilovatsaat azdır. Ödəniş isə 60 faiz müəyyən edilib. Şabran EŞ-dən əldə edilən məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidmət ərazisində 3,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib və ümumi ödəniş 97 faizə çatıb. Ötən ilin müvafiq dövründə bu göstəricilər 4,5 milyon kilovatsaat və 91 faiz olub.

O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlakın 1,7 milyon kilovatsaatdan artıq oduğu bildirilib. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faizə yaxın artaraq 83 faiz olub.

Xatırladaq ki, cari ilin 10 ayı ərzində sözügedən müəssisə üzrə istehlak 42 milyon kilovatsaatdan artıq olub ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 9 faiz azdır. Ödəniş isə 90 faizdən artıq olub. Daimi əhali istehlakçı qrupu tərəfindən 17,3 milyon kilovatsaatdan artıq istehlak edilib və ödəniş 84 faizdən çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə