Gələn ayın 1-dən ölkənin turizm zonalarında və içtimai-iyaşə obyeklərində monitorinq və audit tədbirləri həyata keçiriləcək. Monitorinqləri Qida Təhlükəsizliyi Agentliyi Turizm Agentliyi ilə birgə keçirəcək. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib.
Qoşqar Təhməzlinin sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan ərazisində standartlara cavab verməyən yerlərdə ət kəsimi və satışı tamamilə yığışdırılacaq. Hazırda məsələ ilə bağlı yerli icra orqanları və Daxili İşlər Nazirliyinin müvafiq şöbələri ilə danışıqlar aparılır. Bununla bağlı 2 ay ərzində prezidentə islahatlar paketi təqdim olunacaq.
Qurum rəsmisi aqrokimyəvi vasitələrin ölkəyə gətirilməsi və qeydiyyata alınması ilə bağlı məsələlərdən də danışıb. O bildirib ki, Nazirlər Kabineti mövcud qərarın üzərində dəyişikliklər həyata keçirir. Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və Qida Təhlükəsizliyi Agentliyi bu işlərə nəzarət edəcək. Qida istehsalı sahəsində çalışanlar isə tibbi müayinədən keçəcəklər. Onlar tibbi kartlarla təmin olunacaqlar.
İyulun birindən Qida Təhlükəsizliyi Agentliyi məktəbəqədər təhsil müəssisələrində, orta və ali məktəblərində qidalanma rasionlarına da nəzarəti həyata keçirəcək.
Qoşqar Təhməzli onu da qeyd edib ki, Azərbaycanda müəssisələrdə istehsal olunan məhsullar beynəlxalq ekspertizaya cəlb olunacaq. Ekspertlər məhsulu risk qrupuna görə qiymətləndirib laboratoriyaya göndərəcək. Qeyd edək ki, qida təhlükəsizliyi ilə bağlı dövlət proqramı hazırlanıb. Dövlət proqramı 7 il müddəti əhatə edəcək. Dövlət proqramı yaxın zamanlarda hökumətə təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB