Masallıda çayçılığın inkişaf yolları müzakirə edilib

Masallıda çayçılığın inkişaf yolları müzakirə edilib

Mayın 30-da Masallı rayon Kənd Təsərrüfatı İdarəsində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Masallı İcra Hakimiyyəti və rayon Kənd Təsərrüfatı İdarəsinin birgə təşkilatçılığı ilə “Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası” mövzusunda elmi-praktiki seminar keçirilib. SİA-nın məlumatına görə, tədbir Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təstiq edilməsi haqqında” sərəncama əsasən gerçəkləşib.

Tədbirdə Masallı RİHB-nın müavini, “Sosial-qtisadi inkişafın təhlili və proqnozlaşdırılması” şöbəsinin müdiri Nəsir Muxtarlı, Lənkəran Elmi Mərkəzin direktoru, professor Fərman Quliyev, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Lənkəran Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov, Çay və subtropik bitkilər şöbəsinin əməkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent İsa Hüseynov, Masallı rayon Kənd Təsərrüfatı İdarəsinin rəis müavini Eldəniz Musalı, əlaqədar təşkilatların nümayəndələri, çayçı mütəxəsislər, fermerlər və başqaları iştirak ediblər.

Seminarda Masallı RİHB-nın "Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması" şöbəsinin müdiri Nəsir Muxtarlı "Kənd təsərrüfatının inkişafında proqnozlaşdırma", Lənkəran Regional Elmi Mərkəzin direktoru, professor Fərman Quliyev "Yaşlaşmış və zəif düşmüş çay plantasiyalarında məhsuldarlığın bərpa olunması yolları" mövzusunda çıxış ediblər. Professor Fərman Quliyevin çıxışı zamanı seminar iştirakçılarına bu mövzuda hazırlanmış film və slaydlar təqdim edilib.

Daha sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev "Azərbaycanda kənd təsərrüfatının inkişafında elmin rolu" mövzularında çıxış edib.

Çıxışlarda qeyd olunub ki, çayçılığın və sitrusçuluğun inkişafı ilə bağlı Dövlət Proqramlarının qəbul edilməsi bu sahələrin inkişaf etdirilməsinə, daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirilməsinə xidmət edəcək. Diqqətə çatdırılıb ki, ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilmiş, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ildən başlanılıb. Azərbaycan subtropik bitkiçiliyinin, o cümlədən çayçılığın sənaye miqyaslı inkişaf tarixinə nəzər saldıqda subtropik təsərrüfatların sürətli inkişaf mərhələsinin ümumilli liderimiz Heydər Əliyevin qayğısı və səyi ilə ötən əsrin 70-80-cı illərində baş verdiyini görərik. Professor Fərman Quliyev çıxışı zamanı seminar iştirakçılarına çayçılıq haqqında hazırlanmış slaytlar təqdim edilib.

Fərman Quliyev qeyd edib ki, çayçılığın təşkilinin, çay istehsalının tənzimlənməsinin və çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edən “Çayçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ölkədə çayçılığın inkişafı üçün əlverişli mühit yaradılıb.

Tədbirdə Masallı RİHB-nın "Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması" şöbəsinin müdiri Nəsir Muxtarlı, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, rayon Kənd Təsərrüfatı İdarəsinin rəis müavini Eldəniz Musalı, Lənkəran Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov, Çay və subtropik bitkilər şöbəsinin əməkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent İsa Hüseynov, çayçı-aqronom Mirqasım Bağırov və fermerlər mövzu ilə bağlı təkliflərini bildiriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə