Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlərin ikinci görüşünün nəticəsi olaraq neft hasilatının azaldılmasına dair sazişin müddəti 2018-ci ilin birinci rübünün sonunda başa çatmalı olsa da ötən il dekabrda keçirilmiş üçüncü görüşdə sazişin ilin sonuna kimi davam etdirilməsinə qərar verildi. Hazırda iştirakçı ölkələr öz öhdəliyini icra edir, görüşlər keçirilir, OPEC+ formatında əməkdaşlıq mexanizminin daha da inkişaf etdirilməsi, uzunmüddətli olması ətrafında müzakirələr aparılır.
Şübhəsiz ki, bütün bunlar OPEC çərçivəsində əməkdaşlığın gözləntiləri doğrultmasının nəticəsi kimi dəyərləndirilməlidir və bu əməkdaşlıq təkcə OPEC-in nüfuzu, maraqlarının qorunması deyil, həm də neft hasil edən və ixrac edən ölkələrlə bərabər, eyni zamanda istehlakçılar üçün də vacibliyini nümayiş etdirir. Nəzərə alsaq ki, bu əməkdaşlıq, OPEC ölkələri və təşkilata daxil olmayan ölkələrin mövqeyinin yekdilliyi, maraqların uzlaşması və dialoq vasitəsilə qlobal problemin həllinə çalışmaları, böhranlı vəziyyətə yanaşma və təsirləri baxımından mütərəqqi bir prosesdir, bu əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini inkar etmək olmaz.
Məlumdur ki, dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi məqsədilə qəbul edilmiş qərarın işləkliyi məhz, "Əməkdaşlıq Bəyannaməsi"nə qoşulan ölkələr tərəfindən təmin edilir və üzv olan ölkələrin hər biri öz öhdəliyinə sadiqliyini qoruyub saxlayır. Bütün bunlar onu deməyə əsas verir ki, 2016-cı ilin sonlarından bu günə kimi OPEC-in çətiri altında davam edən əməkdaşlıq təqdirəlayiqdir. Xüsusilə qeyd etmək yerinə düşər ki, yeni texnologiyaların tətbiqi, enerji sektorunda yeni çağırışların nəzərə alınması, geosiyasi faktorların təsiri ilə əlaqədar yarana biləcək risklərin gələcəkdə dünya enerji balansında neftin yanacaq növü kimi mövqeyinin hansı dərəcədə saxlanması istiqamətində neft ölkələri üçün bu əməkdaşlıq həm də müzakirə və həll platforması ola biləcəyi inkar edilə bilməz.
Nəzərə almaq lazımdır ki, Vyana razılaşmasınadək qlobal neft bazarında müşahidə olunan kəskin qiymət tərəddüdlərini indi artımla müşayiət olunan sabitlik əvəz edib və məhz bu səbəbdən tələb-təklif tarazlığı artıq tədricən bərpa olunmaqdadır. Elə bu baxımdan qiymətin formalaşmasında həlledici rol oynayan kommersiya neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması başa düşüləndir. Sözsüz ki, neft bazarındakı müsbət tendensiya fonunda iqtisadi artım, qlobal iqtisadi göstəricilər də nəzərdən yayınmır və sevindirici haldır ki, nüfuzlu beynəlxalq qurumların proqnozlarına əsasən, 2018-ci il dünya iqtisadiyyatında nəzərə çarpacaq iqtisadi artım gözlənilir. Təbii ki, bu artım neftə tələbatın artmasına, nəticədə qiymətə də təsir edən başlıca amil hesab oluna bilər və əgər dünyada neftin qiymətindən danışılırsa bütün amillər sözsüz ki, nəzərə alınmalıdır.
Bildiyimiz kimi, Neft İxrac Edən Ölkələr Təşkilatının baş katibi Məhəmməd Sanusi Barkindo Azərbaycan Prezidentinin dəvəti ilə 17-19 mart 2018-ci il tarixlərində ölkəmizdə səfərdə olub və səfər çərçivəsində bir sıra görüşlər keçirilib, eyni zamanda "Səngəçal" terminalına və Bibiheybətdəki ilk neft quyusuna baş çəkilib. Təşkilatın baş katibinin Azərbaycana marağını inkar etmək mümkün deyil və bu maraq müxtəlif səbəblərlə bağlıdır.
Hamıya çox yaxşı məlumdur ki, ilk dəfə Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarına təsadüf edir. Azərbaycan karbohidrogenlərin həm kəşfiyyatı, həm hasilatı, həm də emalı sahələrində bir sıra mütərəqqi yeniliklərin ilk dəfə tətbiq olunması, eyni zamanda enerji təhlükəsizliyindəki rolu və dünyanın enerji xəritəsini dəyişən layihələri ilə diqqət mərkəzində olan ölkələrdəndir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycana olan maraq və diqqət elə bu səbəbdəndir ki, ölkəmiz qlobal layihələrə üstünlük verir. OPEC tərəfindən Azərbaycana bu maraq sözsüz ki, ölkəmizin uğurla həyata keçirdiyi transmilli layihələrlə yanaşı, eləcə də son illər neftin qiymətinin sabitləşdirilməsi istiqamətində təşkilat çərçivəsində irəli sürülən təşəbbüslərə qoşulması və həyata keçirilən tədbirlərdə yaxından iştirakı ilə bağlıdır. Göründüyü kimi Azərbaycanın bu prosesdə rolu, həyata keçirilən tədbirlərdə yaxından iştirakı OPEC tərəfindən yüksək qiymətləndirilir. Məhz bu baxımdan, 2018-ci ildən sonrakı müddətdə əməkdaşlığın davam etdirilməsində maraqlar xüsusilə ifadə olunur və burada Azərbaycanın da yer alması arzu ediləndir. Azərbaycanın OPEC-ə qoşulması və OPEC+ formatında əməkdaşlığın davam etdirilməsi hazırkı mərhələdə ölkəmiz üçün daha məqsədəuyğundur.
2018-ci ildə ölkədə təxminən 38 milyon ton neft hasil ediləcəyi proqnozlaşdırılır ki, onun da 28 milyon tonu "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar kompleksinin, 7,6 milyon tonu isə SOCAR-ın payına düşür və hətta əlavə olaraq "Şahdəniz"dən 2,4 milyon ton kondensatın hasil ediləcəyi də proqnozlaşdırılır. Bütün bunların fonunda eləcə də təxminən 32 milyon ton neftin ixrac edilməsi nəzərdə tutulur.
Qaz hasilatına gəldikdə isə, 2018-ci ildə ölkəmizin təxminən 30 milyard kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır ki, bunun da 6,4 milyard kubmetri SOCAR-dan, 12,5 milyard kub metri AÇG-dən, 11,1 milyard kubmetri isə "Şahdəniz"dən gözləniləndir. Xüsusilə qeyd etmək lazımdır ki, ümumi hasilatdan qaz ixracının 9,7 milyard kubmetrdən bir qədər artıq olacağı da proqnozlaşdırılır.
Nəzərə almaq lazımdır ki, "Cənub Qaz Dəhlizi" elə bir layihədir ki, təkcə iştirakçı ölkələrin deyil, gələcəkdə qoşulacaq, yaxud qoşulmaq istəyən hər bir ölkənin maraqlarını təmin edəcək böyük imkanlara malikdir. Həmçinin, bu imkanlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ərsəyə gələn "Cənub Qaz Dəhlizi"nin yeni ixracatçılar, tranzit və istehlakçı ölkələr cəlb etməklə Balkanlar da daxil olmaqla, Şərqi və Mərkəzi Avropaya qədər genişlənmə perspektivi var və adından göründüyü kimi, bu bir dəhlizdir. "Şahdəniz Mərhələ-2", "Cənubi Qafqaz Boru Kəməri" və TANAP layihələri yekunlaşmaq üzrədir və bütün bu işlər də onu göstərir ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Türkmənistan və Rumıniya təmsilçilərinin "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 4-cü iclasında iştirakı və çıxışları da təsdiqləyir ki, layihəyə maraq getdikcə daha da artır.
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB