“Su pərisi” istehlakçılara saxta və keyfiyyətsiz məhsullar təqdim edib
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq xidmət sahələrində standartların tələblərinə, məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinə riayət olunmasının araşdırılması məqsədilə fiziki şəxs Əliyulla Nağıyevin rəhbərlik etdiyi Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ilə Süleymanov küçəsinin kəsişməsində fəaliyyət göstərən "Su pərisi" şadlıq sarayında dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Komitədən SİA-ya verilən məlumata görə, monitorinq zamanı müəyyən olunub ki, şadlıq sarayında istehlakçılara xarici ölkələrin istehsalı olan "Swell", "Jaffa", "Rıçal su", "Moonlight", "Perrier" əmtəə nişanlı meyvə şirələri və mineral suların saxtaları təqdim olunur. Belə ki, rəsmi idxalçılar tərəfindən təqdim olunmuş orijinal məhsullarla şadlıq sarayından götürülmüş nümunələrin müqayisəsi aparılmış, nəticədə onların çox ciddi fərqlərlə saxta əmtəə nişanlı kontrafakt məhsullar olduğu müəyyən olunub.
Şadlıq sarayından götürülmüş nümunələr sınaqlarının aparılması üçün Komitənin Təcrübə-Sınaq Mərkəzinə (AzTEST) təqdim olunub. Sınaqlar zamanı müəyyən olunub ki, "Swell" saxta əmtəə nişanlı şaftalı və albalı meyvə nektarlarının tərkibində insan orqanizmi üçün təhlükəli sayılan kif və maya göbələkləri mövcuddur. "Rıçal su" saxta əmtəə nişanlı təbii mineral suyun analiz nəticələri göstərib ki, məhsul fiziki göstəricilərindən hidrocarbonat, sulfat ionu, kalsium ionu, xlor ionu və təhlükəzilik göstəricilərindən ümumi bakteriyaların miqdarına və bağırsaq çöpü bakteriyaların sayına görə standartın tələblərinə uyğun deyildir. Təqdim edilmiş "Paytaxt" və "Qarışıq tərəvəz" salatlarının analizi isə göstərib ki, məhsullar təhlükləsizlik göstəricilərindən mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərə, bağırsaq çöpləri qrupundan olan bakteriyalara, s.aureusun aşkar edilməsinə görə standartın tələblərinə cavab verməyib.
Müəyyən olunmuş qanun pozuntuları ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 317.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində cərimə tətbiq edilmiş, toplanmış faktlar məsələyə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
"Su pərisi" şadlıq sarayında aşkar olunmuş saxta suların fotolarını və onların orijinal variantlarını görmək üçün aşağıdakı linkə daxil olun:
http://azstand.gov.az/?id=16&sub_id=45&lang=1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB