Türkmənbaşıda Beynəlxalq Dəniz Limanı açılıb

Türkmənbaşıda Beynəlxalq Dəniz Limanı açılıb

Bu gün yeni Türkmənbaşı Beynəlxalq Dəniz Limanının açılışı olub. Xəbər verilir ki, limanın açılış mərasimində və “Böyük İpək yolu - inkişafın yeni mərhələlərinə” Beynəlxalq Forumunda Azərbaycanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Taleh Ziyadov, Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov təmsil edirlər.

Sahəsi təxminən 152 hektar olan yeni limana bərə, sərnişin və yük terminalları daxildir. Eyni vaxtda 17 gəmiyə xidmət edə biləcək körpülərin uzunluğu 1800 metrdən çoxdur. Liman 300 min sərnişinə və 75 min yük maşınına, ildə 400 min konteynerə xidmət edə bilər. Yeni limanın ümumi buraxılış gücü neft məhsulları nəzərə alınmamaqla 17 milyon tondur. Limanda “Balkan” gəmiqayırma və gəmi təmiri zavodu tikilib. İldə 12 min ton polad emal etmək imkanı olan bu müəssisə 4 gəmi tikintisi və 20 gəminin təmiri üçün nəzərdə tutulur.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Böyük İpək yolu - inkişafın yeni mərhələlərinə doğru” Beynəlxalq Forumunda çıxışı zamanı vurğulayıb ki, dəniz limanı dəniz yolu ilə daşımaların müasir sisteminin formalaşmasının mühüm elementinə çevrilməli, Qara dəniz, Avropa, Yaxın Şərq, Cənubi Asiya və Asiya-Sakit Okean regionu ölkələrinə çıxış üçün maksimim əlverişli şərait yaratmalı, böyük yük axını yolunda məsafə və vaxtı xeyli dərəcədə azaltmalıdır.

“Türkmənistan Avropa, Asiya-Sakit Okean və Cənubi Asiya iqtisadi sistemlərinin qarşılıqlı əlaqəsinin transkontinental iqtisadi körpüsü olmalıdır. Buna görə də ölkənin dünya nəqliyyat sisteminə davamlı inteqrasiyası, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində marşrut və qovşaqları əlaqələndirən əsas magistral xətləri üzrə milli infrastrukturun genişləndirilməsi ilə yanaşı, həmçinin nəqliyyat marşrutlarının daha böyük effektivliyinin təmin edilməsi, daxili, tranzit və ixrac-idxal daşımalarında son məhsulun dəyərində nəqliyyat tərkib hissəsinin payının azaldılması üzrə tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.

Bu strategiyanın həyata keçirilməsinin gözlənilən nəticələrindən biri intermodal daşımaların nəqliyyat-logistika mərkəzlərinin yaradılmasıdır.

Yeni nəqliyyat dəhlizləri bu sahədə bazar xidmətlərini genişləndirməyə imkan verir. Bu da öz növbəsində fəal marketinq xarici iqtisadi siyasətin həyata keçirilməsini, beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçıları tərəfindən tariflərin və tarif preferensiyalarının çevik sisteminin optimallaşdırılmasını tələb edir”, - deyə Türkmənistan Prezidenti bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə