Azərbaycan və Almaniya arasında insan hüquqları sahəsindəki əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Almaniya arasında insan hüquqları sahəsindəki əməkdaşlıq müzakirə olunub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Herbert Kvelle ilə görüşüb. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, tanışlıq məqsədi daşıyan görüşdə müvəkkil qonağı yeni təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində ona uğurlar arzulayıb. O, Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi və təmini istiqamətində çoxşaxəli fəaliyyəti haqqında məlumat verib, Almaniya Federativ Respublikasının Səfirliyi ilə insan hüquqları sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.

E.Süleymanova habelə müvəkkilin səlahiyyətləri barədə məlumat verib, dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə əməkdaşlığını, həmçinin nüfuzlu beynəlxalq qurumlar, ixtisaslaşmış regional təşkilatlarla, o cümlədən Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, xarici ölkələrdəki milli insan hüquqları institutları ilə qarşılıqlı əlaqələrini diqqətə çatdırıb. Azərbaycan Ombudsman təsisatında əhalinin müxtəlif qruplarının–o cümlədən qaçqın və məcburi köçkünlərin, qadınların, uşaqların, ahılların, əlillərin, hərbi qulluqçuların, məhkumların və b. hüquqlarının müdafiəsi üzrə müşavirlərin fəaliyyət göstərdiyi bildirilib.

E.Süleymanova ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) uğurla icra olunduğunu, bu sənədin təbliği və tətbiqi vəziyyətinin monitorinqi və əhalinin seçki hüququ sahəsində maarifləndirilməsi məqsədilə respublikamızın bütün rayonlarında ictimai dinləmələr keçirdiyini, səmərəli müzakirələrin aparıldığını, bu tədbirlərdə səsləndirilən təkliflərin fəaliyyət prosesində nəzərə alınacağını söyləyib. O, seçki hüquqlarının əhəmiyyətini nəzərə alaraq, bu ictimai dinləmələrdə və digər tədbirlərdə dairə və məntəqə seçki komissiyaları, bələdiyyələr və icmaların üzvlərini səfərbər etməklə, əhali ilə iş apardığını qeyd edib, seçkilərdə əhalinin fəallığının, öz seçimini etməsi üçün şəraitin və namizədlərə bərabər imkanların yaradılmasının vacibliyini, seçki prosesinə müdaxilənin yolverilməzliyini diqqətə çatdırdığını, əhalini demokratik, sərbəst, azad seçkilərdə fəal iştirak etməyə çağırdığını vurğulayıb. Əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də Ombudsmanın və əməkdaşlarının müşahidəçi qismində seçki prosesini izləyəcəyi qeyd olunub. Müvəkkil hər il 18 iyun tarixinin ölkə prezidentinin sərəncamı ilə Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunduğunu və Ombudsmanların beynəlxalq konfransının keçirildiyini, sayca doqquzuncu olacaq növbəti konfransın YUNESKO-nun dəstəyi ilə mədəni hüquqlar mövzusunda təşkil ediləcəyi bildirib.

H.Kvelli Almaniya ilə Azərbaycanı bir sıra tarixli məqamların birləşdirdiyini, hər iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin inkişaf etdiyini, respublikamızın Avropaya inteqrasiya yolunda mühüm addımlar atdığını diqqətə çatdırıb. Qonaq Azərbaycanın bölgələrinə səfər edəcəyini, görüşlər keçirəcəyini vurğulayıb.

Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Səfir Ombudsmanın fəaliyyətini yüksək dəyərləndirib, təsisatla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Qonaq səmimi qəbul və faydalı fikir mübadiləsi üçün təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə