Avtomobil bazarında vəziyyət necədir?

Avtomobil bazarında vəziyyət necədir?

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi monitorinq qrupunun sentyabr ayında avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda mövsüm üçün xarakterik olan nisbi aktivlik qeydə alınıb. Birlikdən SİA-ya verilən məlumata görə, sentyabrda müşahidə olunan nisbi aktivlik təklifin tələbi kəskin üstələməsi hesabına bağlanan əqdlərin dinamikasına və qiymətlərə müsbət təsir göstərməyib.

Sentyabr ayında avtomobil bazarında ili köhnə olan avtomobillərin hesabına təklifin kəskin artımı (11,9%) müşahidə olunub. Təklifin tələbi üstələmə tendensiyası ay ərzində bir qədər də dərinləşib. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında əvvəlki ayla müqayisədə nisbi artım qeydə alınıb. Bu, bağlanan əqdlərin dinamikasına müsbət təsir göstərməsə də, mövsümlə əlaqədar olaraq qiymətlərin artımı proqnozlaşdırılır. Vəziyyətdən istifadə edən sahibkarlar qiymət artımı ilə bağlı spekulyativ açıqlamalar versə də, monitorinqin nəticələrində qiymət artımı müşahidə olunmayıb. Sentyabrda bazarda orta qiymət əvvəlki ayla müqayisədə stabil qalmış və 14985 dollar təşkil edib.

Bazarda müşahidə olunan nisbi aktivlik sentyabr ayında avtomobillərin ekspozisiya müddətinin artmasının qarşısını almayıb. Ekspozisiya müddətinin artması, eyni zamanda əmlakın bu növü üzrə dövlət tərəfindən qəbul edilən bəzi qərarlar bir əmlak növü kimi avtomobilə olan marağın azalmasına səbəb olmuş, bu isə əmlakın bu növü üzrə risk dərəcəsini artırıb. Avtomobillərin likvidlik əmsalı son 3 illə müqayisədə ən aşağı həddə düşüb.

Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 10000-ə yaxın avtomobilin cəmi 27,6%-i bazara məhz sentyabr ayı ərzində təklif olunub. Qalan 72,4%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Bu isə idxalın azalması ilə yanaşı, alıcılıq qabiliyyətinin aşağı düşməsi və tələbin kəskin azalması ilə əlaqələndirilir. Əvvəlki 5 ay ərzində köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası sentyabr ayında bir qədər də kəskin hal almış və sentyabrda bazarda ən yüksək təklif əmsalı qeydə alınıb.

Üç ildən artıqdır ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası "Mercedes-Benz"in təklif üzrə payı əvvəlki ayla müqayisədə 10.5% artmış, bu markanın ümumi portfeldə payı 35,1% təşkil edib. Ümumilikdə ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın hamısı üzrə təklif artımı qeydə alınıb. Təklif üzrə ən cox artım istismarda olmuş Almaniya istehsalı olan avtomobillər üzrə qeydə alınıb. Buna baxmayaraq araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi "Mercedes-Benz" ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.

Ümumilikdə 9 markanın təklif üzrə payı 85,2% təşkil edib. Yerdə qalan 14,8% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür.

Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ötən ayla müqayisədə ciddi dəyişikliklər baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə