Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə makroiqtisadi sabitliyin və maliyyə stabilliyinin qorunmasına yönəldilmiş siyasəti davam etdirir. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, 2010-cu ilin ötən dövründə qlobal iqtisadi artımın tədricən bərpası, ölkənin tədiyə balansının profisitinin və valyuta ehtiyatlarının əhəmiyyətli artması, pul kütləsinin xarici və daxili mənbələrinin genişlənməsi müşahidə olunub.
Beləliklə, qlobal iqtisadi böhranın milli iqtisadiyyata neqativ təsirlərinin aktiv dövrü geridə qalıb. Dövr ərzində ölkə iqtisadiyyatında artım prosesləri davam etmiş, məcmu tələbin fiskal və digər kanallarının tədricən genişlənməsi iqtisadi aktivliyi dəstəkləyib.
Son 9 ayda başlıca makroiqtisadi indikatorların dinamikasını və gözləntiləri nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini dəyişərək 2010-cu ilin noyabr ayının 1-dən etibarən 3% səviyyəsində müəyyən edib.
Eyni zamanda pul kütləsinin artımının xarici monetar amillərinin tənzimlənməsi məqsədilə bank sektorunun xarici öhdəliklərinin 0.5% səviyyəsində məcburi ehtiyata cəlb edilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB