Çexiya-Azərbaycan Biznes Forumu keçirilib

Çexiya-Azərbaycan Biznes Forumu keçirilib
Bu gün Xəzər - Avropa İnteqrasiya İşgüzar Klubunun, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, MDB ölkələrinin ticarət və sənaye palatasının təşkilatçılığı ilə Çexiya-Azərbaycan Biznes Forumu keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun rəhbəri Telman Əliyev, Çexiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Radek Matula, MDB ölkələrinin ticarət və sənaye palatasının icraçı direktoru Frantişek Masopust, Çexiya işgüzar dairələrinin nümayəndələri iştirak edib.

Tədbirlə bağlı jurnalistlərə açıqlama verən Çexiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Radek Matula bildirib ki, forumun təşkil etməkdə məqsəd Çexiya Azərbaycan arasında olan ticarət və iqtisadi əlaqələri tənzimləməkdir. Onun sözlərinə görə, Çexiya Azərbaycanı vacib tərəfdaş hesab edir.

"İki ölkə arasında münasibətlər çox gözəldir. Yeganə çatışmayan cəhət Çexiyada Azərbaycanın perspektivləri haqqında məlumatın az olmasıdır. Əgər Çexiyada Azərbaycan haqqında informasiya toplamaq imkanı olsa o zaman iki ölkə arasında çox şeylər əldə etmək olar. Məhz buna görə də biz bu forumu təşkil etmişik. Mən əminəm ki, Çexiyada sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün çox gözəl şərtlər var. Bizim bir neçə prioritet sektorlarımız var ki, onlar dövlət tərəfindən dəstəklənir. Bura Avtomabil sənayesi, Nona texnologiyalar və digər bu kimi sahələr daxildir ki, həmin sahələrə Azərbaycan sahibkarları cəlb olunsa heç də pis olmaz. Biz həmçinin çex sahibkarlarınında Azərbaycanda işləməsini istəyərdik. Bizim üçün əməkdaşlıq, dostluq birtərəfli deyil. Əlaqələrin daha da inkişaf etməsi üçün biz hər iki tərəfin dəstəyini istərdik. Seçim təbii ki, sahibkarların özündən asılıdır. Hətta elə çex bankları var ki, onlar Azrbaycana maliyyələşmə xidməti göstərməyə hazırdırlar. Çex sahibkarları da Azərbaycanın ehtiyac duyduğu, nəqliyyat tikinti vasitələrinin və ya kənd təsərrüfatı avadanlıqlarının təminatında və digər sahələrdə çalışa bilərlər",- deyə o qeyd edib.

Daha sonra çıxış edən MDB ölkələrinin ticarət və sənaye palatasının icraçı direktoru Frantişek Masopust Çexiyanın Azərbaycana olan marağından danışıb. O deyib ki, ən vacib məsələ Çexiya tərəfinin Azərbaycanla əməkdaşlığa böyük marağının olmasıdır. Onun sözlərinə görə, belə olan halda hər iki ölkə çox şey əldə edə bilər.

Forum çərçivəsində MDB ölkələrinin ticarət və sənaye palatasının icraçı direktoru Frantişek Masopusta Xəzər -Avropa İnteqrasiya İşgüzar Klubu tərəfindən sertifikat da təqdim edilib.

Forum müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə