Azərbaycan regionun lider dövlətidir AÇIQLAMA

Azərbaycan regionun lider dövlətidir AÇIQLAMA

“Ermənistanda hakimiyyətdə olan qüvvələr əhalinin səfalət içində olmasına və acınacaqlı vəziyyətdə yaşamasına göz yumurlar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə qeyd edib ki, bütün qonşuları ilə dostluq əlaqələri qurmağa daim hazırdır: "Lakin Azərbaycanın ərazi bütövlüyü təmin edilsin və əzəli torpaqları işğaldan azad edilsin. Yalnız bu hal baş verərsə Azərbaycan regionda həyata keçirdiyi layihələrdən Ermənistanı təcrid etməz. Bir sözlə, Ermənistan bəlkə bundan sonra beynəlxalq lahiyələrdə iştirak edə bilər. Azərbaycan gələcəkdə həyata keçirilən bir çox layihələrdə tranzit ölkə kimi vəsait qazanacaq və digər tərəfdən bu layihələr ev sahibliyi edəcək. İpək yolunun bərpası, Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsi ilə yüklərin daşınması yaxın gələcəkdə sərnişinlərin daşınması Azərbaycan böyük dividentlər gətirəcək. Azərbaycan öz qonşuları ilə dostluq, mədəni, siyasi və iqtisadi əlaqələr qurur və bu Azərbaycan böyük uğur gətirir. Azərbaycan ildən-ilə regionun daha fəal və əhəmiyyətli aktoruna çevrilir. İqtisadiyyatının böhran vəziyyətində olmasından əziyyət çəkən Ermənistan isə regiondakı heç bir prosesə təsir göstərə bilmir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək. Bu ilin mart ayında Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir. Bu isə Ermənistanı daha da qorxuya salır".

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixindən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş”ə qoşulub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə