Zərdabda 34 sahibkarlıq subyektinə 406 min manat güzəştli kredit verilib

Zərdabda 34 sahibkarlıq subyektinə 406 min manat güzəştli kredit verilib
İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafına dövlət dəstəyi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini bu gün Zərdab rayonunda keçirib. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev ölkə başçısı tərəfindən təsdiq edilən dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarda iqtisadiyyatın bütün sahələrində, o cümlədən sənaye və kənd təsərrüfatında da əsaslı irəliləyişə nail olunduğunu bildirib. Qeyd olunub ki, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, Zərdabda da yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılıb, yeni iş yerləri açılıb.

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Qorxmaz Əfəndiyev sahibkarlarıq fəaliyyətinin dəstəklənməsi, iş adamlarının maarifləndirilməsi, onlara nəzəri-praktiki biliklərin aşılanması istiqamətində Mərkəzin gördüyü işlər barədə məlumat verib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edilib ki, Fond iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən intensiv bağçılığın və tingçiliyin inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu, həmçinin, müasir standartlara cavab verən çörək istehsalı müəssisəsinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu davam etdirir. Ş.Abdullayev sahibkarları bu layihələrdə fəal iştiraka dəvət edib.

Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Zərdab və ətraf rayonlarda fəaliyyət göstərən 34 sahibkarlıq subyektinə 406 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 60 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə