Dövlət Statistika Komitəsi 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı məlumat yayıb. Naxcivantv.az-ın verdiyi məlumatda bildirilir ki, muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar 2017-ci ildə də qorunub saxlanılıb, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilib.
2017-ci ildə ümumi daxili məhsul istehsalı 2 milyard 701 milyon manatdan artıq olub. Bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun dəyəri əvvəlki ilə nisbətən 3,6 faiz artaraq 5 min 990 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6 faizlik payla sənaye tutub və maddi istehsalın payı 58,7 faiz təşkil edib.
Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində sənayeləşmə prosesi daha da sürətləndirilib, rəqabətədavamlı yeni istehsal və xidmət sahələri yaradılmaqla dinamik inkişaf təmin edilib.
2017-ci ildə muxtar respublikada 967 milyon 60 min manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu da bir il öncəki göstəricini 1,4 faiz üstələyib.A
Ötən il muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 60 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 23 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilib.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərilib, 2017-ci ildə 321 milyon 841 min 600 Amerika Birləşmiş Ştatları dolları dəyərində məhsul ixrac olunub.
İqtisadi və sosial sahələrdə infrastrukturun yenilənməsinin təmin edilməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması istiqamətində 2017-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 5 milyon 761 min manat vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən çoxdur. İnvestisiya qoyuluşlarının 933 milyon 58 min 500 manatı və ya 92,8 faizi tikinti-quraşdırma işlərində istifadə edilib. 2017-ci ildə muxtar respublikada 236 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub. 98 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.
Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib, Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun, Şərur şəhəri və ona bitişik kəndlərdə içməli su və kanalizasiya şəbəkəsinin birinci mərhələsinin tikintisi başa çatdırılıb.
Şahbuz rayonunda çirkab sutəmizləyici qurğunun, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilib.
Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək məqsədilə aqrar sektorda kompleks tədbirlər həyata keçirilib, daxili bazarda məhsul bolluğu yaradılıb. 2017-ci ildə bir il öncəyə nisbətən 4 faiz çox, yəni 453 milyon 364 min 500 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub. Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2017-ci ildə muxtar respublikadan 101 milyon 478 min 400 Amerika Birləşmiş Ştatları dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.
Dövlət Statistika Komitəsinin 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı yaydığı məlumatda bildirilir ki, sahibkarlığın inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Bu müddətdə nəqliyyat, rabitə, təhsil, səhiyyə və digər sahələrdə də yüksək nailiyyətlər əldə olunub. Əhalinin maddi-rifah halı daha da yaxşılaşıb, sosial sahələrin inkişafına diqqət artıb, muxtar respublika iqtisadiyyatında daha yüksək uğurlara imza atılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB