2017-ci il inkişaf ili kimi yadda qaldı AÇIQLAMA

2017-ci il inkişaf ili kimi yadda qaldı AÇIQLAMA

“Azərbaycan üçün uğurlu tarix kimi yaddaşlarda qalan 2017-ci il sona çatdı və ötən il həm dövlətimizin, həm də xalqımızın həyatına daha bir inkişaf ili kimi daxil oldu”. Bunu SİA -ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, 2017-ci ildə atılan addımlar və qazanılan nailiyyətlər perspektiv inkişafımız üçün mühüm əhəmiyyət kəsb edir: “Məsələn, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının davamı olaraq, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi müddətinin 2050-ci ilə qədər uzadılması, dünyada böyük maraq doğuran Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi və s. tarixi əhəmiyyətli hadisələrdən hesab edilir. Bütün bunlarla yanaşı, biz 2017-ci ildə başqa tarixi hadisələrə da şahidlik etdik. Belə ki, Azərbaycanda iki milyardıncı ton neft hasil olundu, özümüzün istehsal etdiyimiz ilk gəmi - “Xankəndi” gəmisi suya buraxıldı, dünyada ən nadir qurğu olan Heydər Əliyev adına yarımdalma qazma qurğusu istifadəyə verildi, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin Sərəncamı ilə qısa müddətdə bərpa edildi, insanlar uzun ayrılıqdan sonra yenidən doğma torpağa qovuşdular. Həmçinin, dünyanın sivilizasiyalar və dinlərarası dialoq mərkəzlərindən biri kimi tanınan Azərbaycan ötən il bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdi, IV İslam Həmrəylik Oyunlarına, “Formula-1” Azərbaycan Qran-Prisinə, qadın voleybolçular arasında Avropa çempionatına və digər mötəbər yarışlara ev sahibliyi etdi. Əlbəttə ki, əldə olunan nailiyyətlər növbəti illər üçün uğurlu təməl rolunu oynayır və bu baxımdan 2018-ci ildə TANAP layihəsinin açılışının gözlənildiyini xüsusi qeyd etmək yerinə düşər”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə