"2017-ci il ölkəmizdə bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahələrində də növbəti mühüm uğurlara nail olunması ilə yadda qaldı. Bu nailiyyətlər sırasında ilk növbədə Azərbaycanın Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq 2017-ci ilin iyun ayında BƏT-in Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanmasını qeyd etmək olar". Bu sözləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
Onun sözlərinə görə, bununla ölkəmiz həmin mötəbər beynəlxalq qurumun siyasi qərarlarının qəbulu prosesində yaxından iştirak imkanı əldə edib: “Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası olaraq, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq fəaliyyət sahələrində yaradılan, əmək və sosial müdafiə sahələri üzrə dövlət xidmətlərinin müasir əsaslar üzərində və şəffaf şəkildə təşkilinə imkan yaradan avtomatlaşdırılmış sistemlər mötəbər beynəlxalq qurumlar tərəfindən dünyanın qabaqcıl təcrübələri kimi dəyərləndirilir. 2017-ci ildə də bu sahədə daha bir beynəlxalq uğur kimi, nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən “Çempion layihə” mükafatına layiq görülüb və 193 ölkəni, 700-ə yaxın texnoloji şirkəti əhatə edən BTİ tərəfindən İKT-nin tətbiqi üzrə Azərbaycana ilk mükafatı qazandırıb.
2017-ci il aztəminatlı ailələrin sosial müdafiəsinin aktiv tədbirlər vasitəsilə daha da gücləndirilməsi, işsizlikdən sığorta sisteminin yaradılması, sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, əmək resurslarının məşğulluğunun təminatı, sosial proqramların, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və digər istiqamətlərdə mühüm addımların atılması ilə səciyyəvi olub. Aktiv tədbirlər vasitəsilə aztəminatlı ailələrin yoxsulluqdan ailə biznesinə çıxışına imkan verən özünüməşğulluq proqramının icrası sahəsində ilkin uğurlu təcrübə əldə olunub. Bu proqram çərçivəsində ötən il 1232 aztəminatlı ailəyə aktivlər verilməklə, onların ailə əməyinə əsaslanan fərdi təsərrüfatları yaradılıb. 30 iyun 2017-ci il tarixli “İşsizlikdən sığorta haqqında” Qanunun qəbul olunması isə artıq bu ildən ölkədə İşsizlikdən Sığorta Fondunun formalaşmasına imkan verib. Həmin Fonda toplanan vəsaitlərin əhəmiyyətli bir hissəsinin məhz aktiv xarakterli sosial müdafiə proqramlarına yönəldilməsi (Misal üçün, Fonda 2018-ci il üçün toplanması nəzərdə tutulan 89 mln. manat vəsaitin 40,2 faizi özünüməşğulluq proqramına sərf olunacaq) bu proqramlarının əhatə dairəsinin dəfələrlə genişlənməsinə səbəb olacaq.
Eyni zamanda, ötən il “Əmək pensiyaları haqqında” Qanuna edilən və 2017-ci il iyulun 1-dən qüvvəyə minən mütərəqqi dəyişikliklər sığorta-pensiya sisteminin inkişafına yönələn mühüm islahat tədbiri olmaqla, əhalinin layiqli pensiya təminatı imkanlarını daha da artırıb.
Onu da bildirim ki, Beynəlxalq Valyuta Fondunun işçi heyətinin Azərbaycana səfərinin yekunlarına dair həmin işçi heyətin bəyanatında ölkəmizdə yeni işsizlikdən sığorta fondunun formalaşdırılması, sığorta-pensiya sisteminin inkişafına yönələn növbəti islahat tədbiri, habelə sosial müdafiə siyasətində passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçilməsi mühüm uğurlar kimi qeyd olunub.
2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək resurslarının məşğulluğunun təminatı sahəsində də məqsədyönlü işlər aparılıb. Nazilrik yanında Dövlət Məşğuluq Xidməti tərəfindən 47,9 min nəfərdən çox şəxs münasib işlərlə, 1156 nəfər şəxs ödənişli ictimai işlərlə təmin edilib. Nazirliyin xətti ilə 3,9 min nəfərdən çox şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.
Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutması da ötən ilin mühüm uğurları sırasındadır.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması tədbirlərinin davamı olaraq, ötən il nazirlik tərəfindən əlavə olaraq 315 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Ötən ilin 9 ayının məlumatına əsasən, 1 milyon 330 min nəfərə əmək pensiyası, 450,9 min nəfərə sosial müavinət, 59325 nəfərə Prezidentin təqaüdü, 97 min ailənin 400 min nəfər üzvünə ünvanlı sosial yardımı ödənilib. Əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsində, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdə artım tempi davam edib. O cümlədən qeyri-büdcə sektorunun payına düşən daxilolmalar üzrə proqnoza artıqlaması ilə əməl olunub.
2017-ci ildə Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin və s. fəaliyyətə başlaması sosial xidmətlər sisteminin əhatə dairəsini yeni istiqamətlər üzrə genişlənməsinə səbəb olub. Ümumilikdə keçən il 16,3 min nəfərdən çox insana sosial xidmətlər göstərilib. Nazirliyin sosial sifarişləri üzrə ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan sosial xidmət layihələrinin sayı ildən ilə artaraq, 2017-ci ildə 70-i ötüb.
Əmək və sosial müdafiə sahələri üzrə 30-a yaxın e-xidmət əhalinin istifadəsindədir və bu e-xidmətlər müvafiq fəaliyyət sahələri üzrə əhaliyə elektron müstəvidə sürətli, rahat və şəffaf xidmətlərin göstərilməsinə imkan verib. Ötən il də həmin e-xidmətlərdən istifadə statistikası hər ay artmaqda davam edib. İndiyədək əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərdən 22,7 milyon dəfədən çox istifadə olunması bu e-xidmətlərə böyük sosial tələbin olduğunu göstərir.
2018-ci ildə aktiv xarakterli sosial müdafiə tədbirlərinin, o cümlədən özünüməşğulluq proqramının əhəmiyyətli şəkildə genişləndirilməsi, avtomatlaşdırılmış sistemlərin məşğulluq xidmətlərini də əhatə etməsi, sosial proqramların uğurlu icrası və digər istiqamətlərdə növbəti mühüm addımlar atılacaq, həmçinin məşğulluq xidmətlərinin inkişaf etdirilməsi və əmək bazarında rolunun artırılması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin yaradılması, peşə təhsili sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması sahələrində məqsədyönlü işlər aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB