"Hazırda Azərbaycan dövlət orqanlarının benefisiarı olduğu 5 Tvinninq layihəsi həyata keçirilir"
İqtisadi İnkişaf Nazirliyinin Tvinninq, TAIEX və Sigma əməliyyatları üzrə Proqram İdarəetmə Qurumunun və Avropa İttifaqının "Azərbaycanda Tvinninq, TAİEX və Sigma əməliyyatlarının icrası" layihəsinin birgə təşkilatçılığı ilə müvafiq proqramlar üzrə əlaqələndirici və aidiyyəti nümayəndələrin iştirakı ilə seminar keçirilib.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminarı giriş sözü ilə açan Proqram İdarəetmə Qurumunun direktoru, İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri Sahil Babayev Azərbaycanda həyata keçirilən Tvinninq, TAİEX və Sigma alətləri barədə məlumat verib.
Bildirilib ki, hazırda Azərbaycan dövlət orqanlarının benefisiarı olduğu 5 Tvinninq layihəsi həyata keçirilir, həyata keçiləcək 4 tvinninq layihəsi üzrə Avropa İttifaqından layihələrin icrası üçün tərəfdaş ölkələr seçilib, 4 layihə üzrə tender elan olunub və 6 layihə üzrə Tvininq layihə sənədlərinin hazırlanmasına başlanıb.
İqtisadi İnkişaf Nazirliyinin benefisiarı olduğu "Azərbaycan balıq məhsullarına dair Ərzaq Keyfiyyəti, Təhlükəsizlik Təminatı və Sertifikatlaşdırmanın hüquqi və texniki aspektlərinin təkmilləşdirilməsinə dəstək" layihəsi 2010-cu ildə Avropa İttifaqının 4 ən uğurlu Tvinninq layihəsindən biri seçilib. Cari ildə Proqram İdarəetmə Qurumunun dəstəyi ilə Azərbaycan dövlət orqanları tərəfindən Avropa Komissiyasına göndərilib 13 TAİEX müraciət forması təsdiq edilib, 2-si isə qərar qəbul edilmə mərhələsindədir.
Tədbirdə Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun İnstitusional quruculuq, TAİEX, Tvinninq bölməsinin Azərbaycan üzrə layihə meneceri xanım Olesiya Teako "TAİEX alətinə dair prosedurlar. Ən yaxşı müraciət formasının hazırlanmasına dair praktiki nümunələr" mövzusunda təqdimatla çıxış edib.
İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdir müavini Ruslan Rüstəmli "Azərbaycanda Tvinninq, TAİEX və Sigma əməliyyatlarının icrasının hazırkı vəziyyəti" barədə təqdimatla çıxış edib.
Seminarda aidiyyəti dövlət qurumlarının nümayəndələri təmsil etdikləri dövlət orqanları tərəfindən Tvinninq, TAİEX və Sigma alətləri vasitəsilə həyata keçirilən layihə və proqramların icrası barədə məlumat veriblər.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB