Azərbaycan, Türkiyə və Yunanıstanın energetika nazirləri Samsun-Ceyhan və ITGI layihəsini müzakirə ediblər
Bu gün Azərbaycan, Türkiyə və Yunanıstanın energetika nazirlərinin görüşündə Azərbaycan qazının Avropaya nəql edilməsi məsələsi əsas müzakirə obyekti olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Yunanıstanın enerji naziri Tinoy Birbili ilə keçirdiyi görüşdən sonra jurnalistlərə verdiyi açıqlamasında deyib. O, qeyd edib ki, görüşdə həmçinin Samsun-Ceyhan xam neft boru kəməri və ITGI layihəsi (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan qazının Yunanıstan və İtaliyaya nəqlini nəzərdə tutan ITGI nəqliyyat dəhlizinə Türkiyənin yenilənmiş boru kəməri infrastrukturu, ITG (Türkiyə-Yunanıstan birləşdirici boru kəməri) və IGI layihələri daxildir. Yunanıstan-İtaliya birləşdirici boru kəməri qazı Xəzər regionundan və Yaxın Şərqdən Türkiyə və Yunanıstan vasitəsilə İtaliya və Qərbi Avropaya nəql etməyə imkan verəcək. ITGI-nin ötürmə gücü ildə 8 milyard kubmetr səviyyəsində planlaşdırılır.
950 mln. Avro dəyərində olan ITGI boru kəməri Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsilə (mövcud Bakı-Tbilisi-Ərzurum boru kəməri) Yunanıstana, sonra isə İtaliyaya keçəcək. Yunanıstan və İtaliya arasında Adriatik dənizinin dibi ilə qaz kəməri sahəsinin inşasına görə İtaliyanın "Edison" şirkəti məsuldur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB