Moskva Bakıya İrəvan üzərindən mesaj verməyə çalışır?
Əsrin ən önəmli siyasi hadisələrindən birincisi kimi xaraktrizə edilən Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu xəttinin istifadəyə verilməsi regionda siyasi ab-havanı dəyişib. Bakı BTQ ilə bir daha sübut etdi ki, Azərbaycan regionda əsas güc sahibidir və yerləşdiyi çoğrafiyada müsətqil siyasət yürüdən tək dövlətdir.
Sözsüz, BTQ bəzi ökələrin yuxusunu ərşə çəkib. Hələ sözügedən transmilli layihə hazırlananda belə başda Erməmnistan olmaqla müəyyən qüvvələr bu dəmiryolu xəttinin qarşısını almağa çalışdı. İlk vaxtlarda BTQ-ni dəstəkləyən Avropa Birliyi (AB) sonradan layihəyə sərmayə ayırmaqdan imtina etdi. ABŞ Konqresi isə ermənipərəst konqresmenlərin diqtəsi ilə ənənəvi ermənisayaq mövqe sərgilədi. Amma BTQ istifadəyə verildi. Bununlada işğalçı siyasət yürüdən İrəvan daha da çıxılmaz vəziyyətə düşdü.
İndi Sarkisyana yaxın siyasi dairələrdə BTQ-nin əhəmiyyətinə kölgə salacaq bir sıra provakasiya xarakterli şərhlər verilir. Lakin ən diqqət çəkən məqam Rusiyanın yanaşmasıdır. Söhbət ondan gedir ki, Kreml işğalçıya növbəti dəfə silah satmağı planlaşdırır. Özü də söhbət “İsgəndər” və bu kimi iri raketlərdən gedir. Şimal qonşumuzun bu ərəfə də Ermənistanla 100 mln dollarlıq yeni “güzəştli kredit” müqaviləsi imzalamaq niyyəti birbaşa Bakıya hesablanıb, desək yanılmarıq. Görünür Rusiya Azərbaycanın regionda getdikcə artan nüfuzundan ehtiyat edir və bölgəyə nəzarəti əlində saxlamaq üçün məhz Ermənistan kartından istifadə edir. Kremlin maşası olan İrəvan isə yaranan siyasi vəziyyətdən maksimum yararlanmağa çalışır.
Siyasi və hərbi ekspertlər İrəvana “güzəştli şərtlərlə” satılacaq yeni silah komplekslərini mümkün müharibə zamanı BTQ-ni sıradan çıxarmağa hesablandığını bildirsələr də Azərbaycanın hərbi qüdrəti, xüsusən İsraildən alınan zenit raket əleyhinə komplekslər Bakıya məxsus iri layihələrin qorunmasına tam zəmanət verir. Əsas məsələ Moskvanın çoxbaşlı siyasi gedişləridir. Üstəlik Azərbaycanın müttəfiqləri də Moskvanın məkirli addımlarına reaksiyasız qalmayacaq. Ümumiyyətlə, Azərbaycan hər zaman öz qonşuları, xüsusən Rusiya ilə qarşılıqlı hörmətə dayanan münasibətlərin tərəftarı olub. Bu gün də belədir. Bakı Moskva ilə iri regional layihələrin həyata keçirilməsində daima maraqlıdır. Bu günlərdə Rusiya, İran və Azərbaycan prezidentlərinin Tehran görüşü də Bakının siyasi dəsti-xəttində qarşılıqlı etimad arzuladığını, istər Moskva, istərsə də Tehranla mehriban qonşuluq siyasəti ilə yanaşı, geniş iqtisadi layihələrində reallaşması üçün hazır olduğunu nümayiş etdiridi. Hər üçü prezidentin Tehran danışıqlarında bir sıra məsələlərin gündəmə gəldiyi bəllidir. Danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə yanaşı “Şimal-Cənub” dəhlizinin də ələ alındığı qeyd olunur. Nə qədər maraqlı olsa da Moskva “strateji müttəfiqim” adlandırdığı işğalçı Ermənistanın bu məsələdə mövqeyini nəzərə almır. Bakı da haqlı olaraq İrəvanın təcridini daha da ağırlaşdıracaq, əvəzində Azərbaycana əlavə dividentlər gətirəcək “Şimal-Cənub” layihəsinin həyata keçirilməsində elə Rusiya qədər həvəslidir.
İndi müzakirələrin praktiki işlə əvəzlənməsi vacibdir. Bir digər vacib amil də Kremlin çox tərəfli siyasi gedişindən düzgün nəticə çıxarılmasıdır.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB