Tehran görüşü tərəfləri daha da yaxınlaşdırdı AÇIQLAMA

Tehran görüşü tərəfləri daha da yaxınlaşdırdı AÇIQLAMA

“Azərbaycan-İran-Rusiya üçtərəfli formatı regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi və bölgədə əməkdaşlıq mühitinin genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib.

Onun sözlərinə görə, üçtərəfli görüşdən sonra ölkələr arasında iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlıq daha da inkişaf edəcək: “Bu toplantıda bir çox əhəmiyyətli məsələlərə toxunuldu və regional səpkidə bu görüşün hər 3 ölkəyə müsbət mənada təsiri var. Zirvə görüşündə danışılan məsələlərdən biri hazırda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr, bu marşrutların yaratdığı geniş imkanlar, regionun iqtisadi inkişafında oynayacağı rol olub. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi olduqca əhəmiyyətidir. Rusiya növbəti dəfə bu dəhlizə dəstək verdiyini açıqlayıb. Təbii ki, Rusiyanın burada iştirakı və maliyyə dəstəyi nəzərdə tutulmayıb. Həmin layihənin ərsəyə gəlməsi Azərbaycan və İran tərəfinin birgə səylərindən asılıdır. Məlum olduğu kimi İran öz ərazisindən Rəştə qədər olan hissəsini gerçəkləşdirir. Rəştdən Astaraya qədər olan məsafənin tikintisinə isə Azərbaycan tərəfi öz dəstəyini verəcək. Bu isə çox böyük əhəmiyyətli addım olacaq və bu layihə bizim üçün vacibdir”.

İlham Şaban daha sonra qeyd edib ki, iqtisadi göstəricilərə nəzər saldıqda Azərbaycanın şimal qonşusu ilə cənub qonşusu arasında ikitərəfli ticarət dövriyyəsi 2005-ci ildən sonra sürətlə artmağa başlayıb: “Yəni 2016 cı ildə bu artım ən yüksək nöqtəyə çatıb və iki ölkə arasında ticarət dövrüyyəsi 2,6 milyard dolları keçib. Cari ildə daha da artması proqnozlaşdırılır. Ticarət əlaqələrinin genişlənməsində yeni infrastrukturun rolu daha da yüksək ola bilər. İstənilən halda bu infrastruktur layihəsi prespektivlidir. Azərbaycanda bu layihənin mühüm hissəsidir. Xəzərin statusu ilə bağlı 3 dövlət başçısının səsləndirdiyi bəyanatlar və fikirlərdə olduqca əhəmiyyətlidir. Gələn il Xəzər dənizin hüquqi statusu ilə bağlı növbəti Zirvə toplantısı keçiriləcək və bu Zirvə toplantısı sülh əməkdaşlıq baxımından çox böyük əhəmiyyət daşıyır”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə