Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu gündən istifadəyə verilir. SİA-nın xəbərinə görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iştirakı nəzərdə tutulub.
Layihənin icrasına 2007-ci ildə başlanılıb. Həmin ilin fevralın 7-də Tbilisi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın prezidenti Mixeil Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Rayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında" üçtərəfli saziş və "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında" Azərbaycan və Gürcüstan hökumətləri arasında ikitərəfli saziş, habelə Azərbaycanın Nəqliyyat Nazirliyi və "Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında "Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi" imzalanıb.
Qeyd edək ki, bu il sentyabrın 27-də Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirakı ilə dəmir yolu xəttinə ilkin baxış keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadze, Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, yolda aparılan tikinti və son tamamlama işləri, onun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ dəmir yolu xəttinin açılışa hazırlığı ilə maraqlanıblar. Tədbirdə üç ölkənin nəqliyyat strukturlarının rəhbərləri ilə yanaşı, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Dursun Həsənov, Zəki Ləvənt Gümrükçü və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumat üçün nəzərinizə çatdıraq ki, marşrutla ilk illərdə 5-7 mln. ton yük daşınacağı, tədricən bu rəqəmin 50 mln. tona çatdırılacağı proqnozlaşdırılır. Azərbaycanın tranzitdən ildə 50 mln. dollar gəlir əldə edəcəyi bildirilir. Sərnişin daşımalarına gəlincə isə, ilk illərdə dəmir yolu xəttində ildə 1 mln. insanın yararlanacağı deyilir. Yeri gəlmişlən, BTQ marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB