Ağır rejimli həbsxanalarda insanlar heç də həmişə tərbiyə olunmurlar ŞƏRH

Ağır rejimli həbsxanalarda insanlar heç də həmişə tərbiyə olunmurlar ŞƏRH

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsiylə cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsinə start verilib. Belə ki, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik ediləcək ki, bütün bunlar ölkə başçısı İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il Sərəncamında nəzərdə tutulan cəza siyəsətinin humanistləşdirilməsi yolunda çox mühüm addımlardır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması fəlsəfəsinə dayanan bu dəyişikliklər 3 baxımdan yüksək qiymətləndirilməlidir:

“Birincisi, minlərlə qanunu pozan insanlara əvvəl nəzərdə tutulduğundan daha yüngül cəza növü tətbiq ediləcək və bu bir sıra hallarda cəzanın həbsxanada deyil, evdə çəkilməsi, digər hallarda daha yüngül, alternativ növləriylə əvəz olunması deməkdir. Ağır rejimli həbsxanalarda insanlar heç də həmişə tərbiyə olunmurlar, əksinə oradakı mühit onların xarakterlərində dərin iz buraxır ki, bu da gələcək davranışlarına təsirsiz ötüşmür. Ona görə də bu hal yüngül cəza törədib həbsxanaya düşən adamların sonradan daha ağır cinayət işləməsinə gətirib çıxarır.

Siyasi baxımdan götürsək, Azərbaycan bununla bir çox ölkələr üçün örnək sayıla biləcək addım atdı. Həm də söhbət o ölkələrdən gedir ki, onlar bəzən, insan haqlarından dərs keçməyə qalxsalar da, cəza siyasətinin humanistləşməsi yönündə hələ də bu cür təsirli addımlar atmayıblar.

Məsələnin üçüncü tərəfinə gəldikdə dövlət bununla cəzaçəkmə yerlərinə ayrılan vəsaitdən azad olur. Buradan qənaət edilən vəsait başqa sahələrə, eyni zamanda, cəzaçəkmə yerlərində vəziyyətin daha da yaxşılaşdırılmasına yönəldilə bilər”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə