Naxçıvanda II bal festivalında 260-dan çox arıçı iştirak edəcək

Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ikinci “Arıçılıq məhsulları - bal festivalı” keçiriləcək. Muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, artıq festivala hazırlıq işləri başlayıb.

Festivalın oktyabr ayının üçüncü ongünlüyündə keçirilməsi nəzərdə tutulub. Bununla bağlı hazırlıq işləri görülüb, mütəxəssislər muxtar respublikanın bütün rayonlarında arıçı sahibkarlarla görüşüb, onların festivala çıxaracağı məhsulların miqdarını və keyfiyyətini müəyyənləşdiriblər.

Bu il bal festivalında 264 arıçı sahibkar iştirak edəcək. Festivala 14 tona yaxın süzmə bal, 2,5 ton şam bal çıxarılacaq. Bundan başqa 700 kiloqrama yaxın arı südü, çiçək tozu, güləm, mum kimi digər arıçılıq məhsullarının da sərgiyə çıxarılması nəzərdə tutulub.

Festivalda, həmçinin arıçıların maarifləndirilməsi işi də həyata keçiriləcək. Belə ki, arıçılıqla bağlı avadanlıqların, nəşr olunan kitabların nümayiş etdirilməsi nəzərdə tutulub. Festivala gətirilən məhsullardan nümunələr götürülərək, kəmiyyət və keyfiyyət göstəriciləri müəyyən ediləcək. Bu meyarlar əsasında festivalda 9 yer müəyyənləşdirilib. 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.

Qeyd edək ki, ötən il keçirilən festivala muxtar respublikanın rayonlarından 210 arıçı tərəfindən 10 tondan artıq bal, vərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arı məhsulları çıxarılmışdı. Həmçinin festivalda bal arağı, bal şərbəti və baldan hazırlanan müxtəlif şirniyyatlar da nümayiş edilmişdi.

Festivalın keçirilməsi Naxçıvan balının tanıdılması, bazara rahat çıxış imkanlarının artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Həmçinin gəlirli sahələrdən olan arıçılığın inkişafına və bal istehsalının artmasına stimul verir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...