Ziyad Səmədzadə: "Qiymətli kağızlar bazarının yaranmasından bəri Azərbaycan dünya maliyyə bazarında öz sözünü deyib"-TƏDBİR
Bu gün "Kollektiv investisiyalar: beynəlxalq təcrübə və imkanlar" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası maliyyə naziri Samir Şərifov, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və başqaları iştirak ediblər.
Tədbiri giriş sözləri ilə açan Samir Şərifov ilk olaraq Bakı Fond Birjasının (BFB) təşkilatçılarını, üzvlərini və əməkdaşlarını 10 illik yubiley münasibətilə təbrik edib. Daha sonra yubiley münasibətilə keçirilən bu tədbirin çox vacib olduğunu bildirən nazir bunun səbəblərini izah edib: "Yubiley münasibətilə keçirilən bu tədbir çox əhəmiyyətlidir. Çünki bu konfrans bizə dünya iqtisadiyyatında baş verən prosesləri nəzərdən keçirib müzakirə etməyə imkan verəcək. BFB-nin yaradılması Azərbaycanda qiymətli kağızlar bazarının tədqiq edilməsi istiqamətində vacib mərhələdir".
Nazir bildirib ki, BFB-nin əməyinə Azərbaycan Respublikası tərəfindən diqqət yetirilib və əməkdaşlar ölkə başçısı tərəfindən yüksək dövlət mükafatları ilə təltif olunublar. İşsizliyin və büdcə kəsirinin də mövcud olduğu vaxtda bu cür cəhdlərin faydalı olduğunu dilə gətirən Samir Şərifov qeyd edib ki, Azərbaycanda vəziyyətin sabit saxlanılması istiqamətində bir çox işlər görülüb: "İşsizliyin hökm sürdüyü dövrdə Respublika prezidentinin sosial sahədə keçirdiyi islahatlar rifahın yaxşılaşdırılmasına səbəb olub. 2010- cu il Azərbaycan iqtisadiyyatının artım ilidir. Keçən illə müqayisədə bu il ümumdaxili məhsul 3.8 faiz, əhali gəliri isə 9.8 faiz artıb. Bu isə iqtisadiyyatın inkişafının göstəricisidir". Nazir iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində görülən tədbirlərin müsbət nəticələr verdiyini bildirib və bunu əsaslandırıb: "Bildiyimiz kimi, bu il Azərbaycanda qeyri-neft sahəsindəki artım neft sahəsindəki artımı üstələyir. Bu da məhz iqtisadi infrastrukturların gücləndirilməsi üçün görülən tədbirlərin müsbət nəticələridir". Daha sonra sözü alan Rüfət Aslanlı Bakı Fond Birjasının yaradılmasının qiymətli kağızlar bazarının inkişaf etməsində çox böyük əhəmiyyətə malik olduğunu bildirib.
Tədbirdə çıxış edən millət vəkili Ziyad Səmədzadə bildirib ki, Milli Məclisin ikinci oxunuşunda investisiya fondları haqqında qanun layihələri müzakirə olunacaq: "İkinci oxunuşda qanun layihələri müzakirə ediləcək. Mən əminəm ki, qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üçün faydalı hesab edilən qanunlar qəbul olunacaq". Azərbaycanın 20 il ərzində inkişafından danışan millət vəkili, prezidentin iqtisadiyyat bəyanatı haqda məlumat verib: "Azərbaycan 20 ildir ki, müstəqil bir dövlət kimi fəaliyyət göstərir. Biz bu dövrdə sərt rejimdən azad bazar iqtisadiyyatına keçid yaratmışıq. Respublika prezidenti 3 ay əvvəl bəyan etdi ki, artıq iqtisadiyyatda keçid dövrü başa çatıb. Bu tarixi bəyanatın arxasında Azərbaycanda 20 il ərzində yeni bir iqtisadi sisteminin yaranması durur. Bu strategiyanın da mühüm istiqamətlərindən biri qiymətli kağızlar bazarının yaradılmasıdır. Qiymətli kağızlar bazarının formalaşması da məhz yeni iqtisadi sistemin yaradılmasının tərkib hissəsidir. Böyük bir qürur hissi ilə qeyd edirəm ki, Azərbaycan qiymətli kağızlar bazarının yaranmasından bu yana 10 ildə dünya maliyyə bazarında öz sözünü deyib".
Tədbir fikir mübadilələri əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB