Regionlarda onlayn şəffaflıq göstəricisi çox aşağıdır AÇIQLAMA
"Təxminən əhalinin 50%-i kəndlərdə yaşayır və onlar elektron xidmətlərdən geniş istifadə edə bilmir. Ciddi problemlər olmaqla yanaşı, həmçinin bu sahədə bilik və bacarıqların əldə edilməsinə yetərincə diqqət göstərilmir". Bunu SİA-ya açıqlamasında Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, rayonlarda yerli icra hakimiyyətlərinin təqdim etdikləri təxminən 30-40 xidmətin heç birisi elektronlaşmayıb: “Yerli icra qurumlarında onlayn şəffaflıq göstəricisi çox aşağıdır. Bu sahəyə yetərincə resurslar ayrılmır. Düşünürəm ki, bu problemlərin həllinə kompleks yanaşılmalıdır, regionların informasiyalaşdırılması, regionlarda elektron hökumət quruculuğu ilə bağlı dövlət proqramı qəbul edilməlidir.
Regionların sosial-iqtisadi inkişafı, abadlaşdırılması sahəsində son dövrlərdə xeyli uğurlar əldə olunub. Hətta kəndlərin də abadlaşdırılmasına diqqət artırılıb. Ölkə başçısının konkret bir regiona səfərindən sonra, görülən işləri dəyərləndirdikdən sonra bu sahənin inkişafı üçün də xeyli vəsaitlər ayrılır və effektivlik baxımından da bu çox doğru addımdır.
Bu baxımdan düşünürəm ki, Binəqədi rayon İcra Hakimiyyətində formalaşan yaxşı təcrübədən digər regionlarda da istifadə etmək olardı. Eyni zamanda Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura olaraq da bizim bu istiqamətdə təkliflərimiz hökumətə təqdim edilib.
Prezident Administrasiyasında elektron hökumətlə bağlı yeni strukturun yaradılması çox doğru bir addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB