Xaçmazda əkilib, İsmayıllıda əkiləcək

Xaçmazda əkilib, İsmayıllıda əkiləcək

İsmayıllı Rayon İcra Hakimiyyətində vaxtilə iqtisadiyyatın aparıcı sahələrindən olan barama, tütün və fındıqçılığın inkişafına həsr olunan müşavirə keçirilib. Müşavirədə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, eləcə də digər çıxış edənlər, ilk növbədə, diqqəti avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunan respublika müşavirəsinin yekunlarına cəlb edərək, Prezident İlham Əliyevin müşavirədəki nitqində qarşıya qoyulan konkret vəzifələrdən danışıblar.

Natiqlər 2017-ci ildə barama, tütün və fındıq istehsalının inkişafı sahəsində rayonda görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verərək vurğulayıblar ki, son illərdə respublikamızda bu sahələrin dirçəldilməsi ilə əlaqədar dövlətimizin başçısı tərəfindən verilən tapşırıqlar, qəbul olunan qərarlar İsmayıllı rayonunda da böyük razılıqla qarşılanıb. Bildirilib ki, bu il 53 kümçü tərəfindən 2280 qram ipəkqurdu bəslənilərək 2848 kiloqram məhsul istehsal olunub. Hazırda rayonun kümçüləri 2018-ci ildə daha yüksək nəticələrə nail olmaq məqsədilə yem bazasının möhkəmləndirilməsi, ipəkqurdu bəslənilməsinə lazımi şəraitin yaradılması, tut bağlarına xidmətin yaxşılaşdırılması üçün əlavə tədbirlər görürlər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ötən ilin payızından etibarən rayonda 2 min hektar sahədə yeni fındıq bağlarının salınması istiqamətində tədbirlər həyata keçirilir və artıq 601 hektar sahədə yeni bağlar salınıb. Fındıq bağlarının salınması ilə əlaqədar rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayon qərargahı yaradılıb. Görülən işlər qərargah tərəfindən nəzarətdə saxlanılır və fındıq bağı salan istehsalçılara lazımi məsləhətlər verilir.

Cari ildə, habelə rayonun Qurbanəfəndi, Topçu, Qalınçaq, Təzəkənd, Diyallı kəndlərində 15 hektar sahədə tütün yetişdirilib və hazırda məhsul yığılır.

Müşavirədə barama, tütün və fındıqçılığın inkişafı ilə əlaqədar təkliflər səsləndirilib, görüləcək işlər müzakirə olunub, konkret vəzifələr müəyyənləşdirilib.

***

Xaçmazda 2 min 37 hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda rayondakı fındıq bağlarının ümumi sahəsi 6 min 688 hektar təşkil edir. Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin baş mütəxəssisi Qabil Ağabalayev bildirib ki, yaxın gələcəkdə bu göstəricini 10 min hektara qədər artırmaq planlaşdırılır: “Prezident İlham Əliyevin ölkəyə daha çox valyuta gətirən məhsulların əkilməsinə üstünlük verilməsi ilə bağlı göstərişlərinə əsasən rayonumuzda bir sıra işlər həyata keçirilməyə başlanılıb. Xaçmaz fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biri kimi qəbul edilib. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulub ki, bunun da 5 min 16 hektarı bizim rayonun payına düşür. Bu günədək artıq 2 min hektardan çox sahədə yeni fındıq bağları salınıb”.

Q.Ağabalayev bildirib ki, ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artması torpaq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə həvəsləndirir. Fındığın az zəhmət tələb etməsi və satış qiymətinin münasib olması fermerləri həvəsləndirən amillərdəndir.

Xaçmazlı təsərrüfatçılar avqustun ilk günlərindən etibarən fındıq bağlarından məhsul yığımına başlayıblar. Məhsul yığımı bu ayın sonunadək davam edəcək. Təsərrüfatçılar bu mövsüm fındıq bağlarında məhsuldarlığın yüksək olduğunu bildirirlər.

Rayonun Qusarçay kəndində 16 hektar fındıq sahəsi olan sahibkar Xanlar Eldarov deyib ki, məhsulu itkisiz toplamaq üçün yığımı ayın ikinci ongünlüyünədək yekunlaşdırmaq məqsədəuyğun sayılır: “Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsini diqqətlə izlədim. Dövlətimizin başçısı bildirdi ki, son iki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb ki, onlar da bir neçə ildən sonra bar verəcək. Prezidentimiz sahibkarları, təsərrüfatçıları daim dəstəkləyir. Bizim 16 hektar fındıq bağımız var. Bunun da 8 hektarı bar verəndir. 8 hektar bağı isə yeni salmışıq. Fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə daha az zəhmət tələb edir. Bununla yanaşı, məhsula tələbatın çox olması da ən böyük üstünlüklərdəndir.”

Hazırda Xaçmaz bağlarında məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarında saxlayırlar. Fındıq əsasən yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-a yaxın fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə