Prezident İlham Əliyev: "Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb"
Sirr deyil ki, 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin əvəzedilməz fəaliyyəti nəticəsində, respublikamızda sənaye və aqrar sektorda sürətli inkişafın əsası qoyuldu. Çox təəssüflər olsun ki, Ulu Öndər Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra bütün sahələrdə Azərbaycan tənəzzüllə qarşılaşdı, iqtisadi, sənaye potensialımız yavaş-yavaş aşağı düşməyə və nəticədə, müstəqilliyimiz ərəfəsində ölkə iqtisadiyyatı və sənayesi, demək olar ki, çox ağır vəziyyətə düşdü. Müstəqilliyimizin ilk illərində isə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ölkəmizi, demək olar ki, məhvə aparırdı. Həm siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, eyni zamanda, onların səriştəsizliyi və savadsızlığı ucbatından ənənəvi kənd təsərrüfatı sahələri və sənaye istehsalı tamamilə tənəzzülə uğradı. O vaxt inflyasiya min faizlərlə ölçülürdü və ölkənin perspektivləri çox qaranlıq idi. Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdandan sonra 1993-cü ildən başlayaraq, ölkəmizdə sabitlik təmin edildi, bütün qanunsuz silahlı birləşmələr tərksilah olundu, qayda-qanun yaradıldı, xaosa, anarxiyaya, hərc-mərcliyə son qoyuldu və Azərbaycan sabitlik dövrünə qədəm qoydu. O vaxt, əlbəttə ki, Azərbaycanın böyük maliyyə imkanları yox idi, ölkəmiz dünyada çox riskli bir dövlət kimi tanınırdı. Ona görə də, ilk növbədə, ölkəmizi dünyada tanıtmaq, investisiyaları cəlb etmək məqsədi hakimiyyətin qarşısında durmuşdu və bu məqsədə də nail olundu. "Əsrin Müqaviləsi"nin imzalanması isə, bunun bariz nümunəsi idi. Azərbaycana böyük investisiya axınını təmin edən bu tarixi layihə ölkəmizin həyatında xüsusi rol oynamışdı.
Məhz həmin müddətdən başlayaraq, sənaye və kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş qərarlar imkan verdi ki, bu sahələrdə tərəqqi olsun. O zaman Ulu Öndər Heydər Əliyevin göstərişi ilə fermerlər, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilmişdi, torpaq islahatı aparılmışdı və inkişafa gedən yolda ilk addımlar atılmışdı. Həmin vaxtlarda ölkədə maliyyə vəziyyəti indiki kimi olmasa da, sahibkarlıq, bazar iqtisadiyyatına keçid nəticəsində, kənd təsərrüfatında inkişaf dövrü başlamışdı.
2004-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edildi. Əgər o proqram qəbul edilməsəydi, bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi. Məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. Əlbəttə ki, 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində, belə qısa müddət ərzində, bu qədər geniş işlər görülməmişdi. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib. Layihələrin və proqramların reallaşdırılmasının nəticəsidir ki, bu gün Azərbaycan, nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xarici ölkələrdə böyük miqdarda enerji ixrac edir və bundan böyük vəsait qazanır. Qazlaşdırma Azərbaycanda hazırda 93 faiz səviyyəsindədir və bu, indi dünya, Avropa, qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilib. 2004-cü ildən bu günədək 11 min kilometr yeni yollar - həm magistral, həm də kənd yolları salınıb, böyük meliorasiya layihələri icra edilib, Taxtakörpü, Şəmkirçay su anbarları, digər dəryaçalar yaradılıb və kanallar çəkilib.
2004-cü ildən başlayaraq, infrastruktur layihələrinin icrası ilə bağlı əsas vəzifələrdən biri də ərzaq təhlükəsizliyi idi. Sovet İttifaqında Azərbaycan özünü ətlə, yağla, südlə, toyuq əti ilə təmin edə bilmirdi, bu məhsullar başqa respublikalardan gəlirdi. Azərbaycan isə, öz növbəsində, pambıq, üzüm, meyvə, tərəvəz, tütün, fındıq istehsal edib, başqa respublikalara göndərirdi. Müstəqillik dövründə ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxdı. Bu gün ət istehsalı Azərbaycanın tələbatını, demək olar ki, ödəyir. Növbəti illərdə görüləcək tədbirlər nəticəsində, böyük ixrac potensialına da malik olacağıq. Azərbaycan özümüzü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edir. Azərbaycandan böyük həcmdə meyvə-tərəvəz ixrac edilir.
Texniki bitkilər sahəsinə o qədər də diqqət göstərilməmişdi. Çünki digər böyük sosial proqramlar var idi ki, onların icrası daha çox vaxt və vəsait tələb edirdi. Xüsusilə, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına, ordu quruculuğuna milyardlarla vəsait qoyuldu. Ona görə, texniki bitkilərin inkişafı bir qədər diqqətdən kənarda qaldı. Hesab edilirdi ki, bazar iqtisadiyyatı, özəl sektor bu sahələri də inkişaf etdirəcək. Görünən odur ki, dövlətin dəstəyi olmadan, bu sahələr inkişaf edə bilmir. Bu sahələrdə son illərdə çox böyük tənəzzül müşahidə olunur. Məhz dövlətin diqqəti və qayğısı sayəsində pambıq istehsalı artdı. 2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdı, cəmi iki il ərzində təxminən 10 dəfə artdı.
Bir sözlə, bu gün ölkəmizdə iqtisadiyyatın bütün sahələrində inkişaf tendensiyası müşahidə edilməkdədir. Elə Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan iqtisadiyyatı inkişaf edir: "Bu ilin altı ayının nəticələri bunu deməyə əsas verir. Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını, nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində, ölkəyə 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə, 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcəkdir".
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB