Prezident İlham Əliyev: "ABAD Mərkəzi"nin yaradılması Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların nəticəsidir"
Son illərdə ölkəmizdə kiçik ailə biznesinin və təsərrüfatların inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında "ABAD" layihəsinin xüsusi yeri var. "ABAD" laythəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və 2016-cı il sentyabrın 23-də yaradılan publik hüquqi şəxsdir. Layihənin məqsədi kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, ölkədə regionların və kənd təsərrüfatının inkişafına dəstək verməkdir. Qeyri-kommersiya və sosialyönümlü qurum olan "ABAD" yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının "ideyadan rəflərə" daşınmasına kömək edir. "ABAD" ailələr üçün bacarıqların inkişaf etdirilməsi təlimləri də təşkil edir, "vahid pəncərə" prinsipindən istifadə edərək, ailə məhsullarının sertifikatlaşdırılmasını təmin edir. Layihənin mütəxəssisləri ailələrə bazaryönümlü qablaşdırma həlləri və məhsulların dizaynı ilə bağlı kömək göstərirlər, supermarket şəbəkəsində ailə məhsullarının satışını, habelə, onların daşınması və saxlanmasını idarə edirlər. "ABAD" əl işlərinin satışını öz incəsənət mərkəzlərində təşkil edir. Bu ilin martında İçərişəhərdə "ABAD"ın ilk İncəsənət Mərkəzi açılıb. İyunda isə ikinci İncəsənət Mərkəzi Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilib. Balakən rayonunda "ABAD Mərkəzi"nin yaradılması da olduqca önəmlidir. Məhz təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Balakəndə "ABAD Mərkəzi"nin açılışında iştirak etmişdi.
Balakən rayonundan əl işləri hazırlayan dörd sənətkar "ABAD" layihəsinin iştirakçısıdır. Ümumilikdə, Balakənin və qonşu rayonların potensialını, layihəyə olan marağı, bu səbəbdən də, artan iş həcmini nəzərə alaraq, Balakəndə regional "ABAD Mərkəzi"nin təsis edilməsi məqsədəuyğun hesab olunub. Burada layihə çərçivəsində 280 kvadratmetrə yaxın sahəsi olan ikimərtəbəli inzibati bina inşa edilib. Binadakı iş otaqları zəruri avadanlıqla təchiz olunub. Burada, həmçinin, təqdimat və görüş zalları, laboratoriya da fəaliyyət göstərəcək. Binada ümumi sahəsi 640 kvadratmetrdən çox olan müxtəlif temperaturlu anbar kompleksi də yaradılıb.
Balakəndə "ABAD Mərkəzi"ndə gündəlik təxminən 200-300 kiloqram məhsul istehsal edilir. Məhsulların satışında, qablaşdırılmasında, daşınmasında, reklamında, dizayn işində "ABAD" ailələrə dəstək olur. Artıq demək olar ki, ayrı-ayrı ailələr üçün meyvə bağı brendi yaradılıb və məhsulların satışından alınan vəsait birbaşa vətəndaşların bank hesabına köçürülür.
Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən "ABAD" layihəsi yerlərdə ailə bizneslərinin qurulmasına və inkişafına əvəzedilməz töhfə verəcəkdir. Bu isə, öz növbəsində, həm ayrı-ayrı ailələrin yaşayış səviyyəsinin yüksəlməsinə, təsərrüfat və istehsal ideyalarının reallaşmasına səbəb olacaqdır. Elə Prezident İlham Əliyevin bildirdiyi kimi, "ABAD Mərkəzi"nin yaradılması Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların nəticəsidir: "Bilirsiniz ki, bir neçə il əvvəl, Azərbaycanda "ASAN Xidmət" mərkəzləri yaradıldı. İndi bu mərkəzlərə 16 milyon 500 min müraciət olunmuşdur. Növbəti mərhələdə "ASAN Kommunal" və "ABAD" ailə biznesinə dəstək mərkəzlərinin, - ikinci mərkəz burada açılır, - əlbəttə ki, sahibkarlığın, qeyri-neft sektorunun inkişafına çox böyük müsbət təsiri olacaq və Balakən rayonunun sosial-iqtisadi inkişafı, ixrac potensialı böyük dərəcədə artacaq".
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB