"Bakı-Tbilisi-Supsa separatçıların əlindədir" - alternativ variantlar var

"Bakı-Tbilisi-Supsa separatçıların əlindədir" - alternativ variantlar var

Bakı-Tbilisi-Supsa neft kəmərinin Karapila kəndi ərazisindən keçən hissəsi Cənubi Osetiya separatçılarının nəzarətinə keçib. Bu barədə Gürcüstan mətbuatı xəbər verir. Gürcüstanın Xarici İşlər Nazirliyi baş verənləri təxribat adlandırıb: "Bu işğalın davam etdirilməsidir. Bu hadisə insan haqlarının pozulması prosesinin davamıdır. Biz beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə baş verənləri dayandırmağa çalışırıq. Biz faktı kəskin pisləyirik. Bu, ilk növbədə təxribatdır. Bizim siyasətimiz bu prosesi beynəlxalq tərəfdaşlarımızla birgə dayandırmağa yönəlib".

Faktı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində də təsdiqləyiblər.

Gürcüstan parlamentinin komitə sədri İrakli Sesiaşvili bildirib ki, Bakı-Tbilisi-Supsa kəməri layihələndirilərkən bütün risklər nəzərə alınıb və alternativ variantlar mövcuddur. Hakim partiyanın üzvü qeyd edir ki, hakimiyyət mövcud riskləri maksimum azaltmağa çalışır və bunun üçün beynəlxalq tərəfdaşlarla aktiv əməkdaşlıq edir: "Təəssüf ki, bu inzibati sərhədlər Mixeil Saakaşvilinin göstərişi ilə öncəki hakimiyyət tərəfindən müəyyənləşdirilib. Bu, reallıqdır. İşğalçılar bu inzibati sərhədləri də pozmaqdadır. Neft kəməri də bu sərhədlərlə toqquşur, lakin alternativ variantlar var və onlar öncədən nəzərə alınıb. Təhlükə o qədər də böyük deyil. Ən ciddi təhlükə ondadır ki, bizim torpaqlarımız işğal olunub və orada hərbi bazalar yerləşdirilir. Bu mövzuda ətraflı danışa bilmərəm, lakin bir daha təkrar edirəm ki, risklər öncədən nəzərə alınıb".

Bütün xəbərlər Facebook səhifəmizdə