Rövnəq Abdullayev: “AGRI layihəsinin texniki-iqtisadi əsaslandırması ilə bağlı xərcləri Rumıniya tərəfi həll edəcək” - MÜNASİBƏT
"Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" perspektiv qaz strukturunun işlənməsi layihəsinin ikinci fazasının son konsepsiyasının 2010-cu ilin sonuna qədər qəbul edilməsi və işlərə başlanılması planlaşdırılır". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq layihənin müəyyən hissələri işlənilməyə başlanılıb. Şirkət rəhbəri "Şahdəniz" layihəsinin ikinci fazası çərçivəsində hasil ediləcək qazın satışına dair ARDNŞ-in və tərəfdaşlarının Avropadakı potensial alıcıları ilə danışıqlar apardığını qeyd edib.
"SOCAR" brendli yanacaqdoldurma məntəqələrinə gəlincə R.Abdullayev bildirib ki, növbəti məntəqələrin 2-si Bakı-Sumqayıt yolunda, 2-si Bakı-Ələt yolunda, 1-i isə Bakının Babək prospektində istifadəyə veriləcək. O, deyib ki, hazırda "SOCAR" brendli 5 yanacaqdoldurma məntəqələr fəaliyyət göstərir: "Dövlət Neft Şirkətinin bütün yanacaqdoldurma məntəqələri müasir standartlara tam cavab verir. Növbəti məntəqələrin ikisi Bakı-Sumqayıt yolunda, ikisi Bakı-Ələt yolunda, biri isə Bakının Babək prospektində istifadəyə veriləcək. Ümumilikdə proqrama görə, Bakıda və paytaxtın giriş-çıxış istiqamətlərində 26 yanacaqdoldurma məntəqəsi açılacaq. ARDNŞ respublika əhəmiyyətli magistral yolların kənarlarında da yanacaqdoldurma məntəqələrini açmağı planlaşdırır".
R.Abdullayev həmçinin bildirib ki, şirkətin neft emalı zavodlarında istehsal etdiyi benzin Avropa standartlarına cavab verir. Onun sözlərinə görə, bütün yanacaqdoldurma məntəqələrinə eyni keyfiyyətdə məhsul paylanır. AGRI layihəsinin texniki-iqtisadi əsaslandırması ilə bağlı xərclərinə gəlincə şirkət rəhbəri bildirib ki, bütün xərcləri Rumıniya tərəfi həll edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB