ASK nümayəndə heyəti Beynəlxalq İşəgötürənlər Təşkilatının avropalı üzvlərinin illik toplantısında iştirak edib

ASK nümayəndə heyəti Beynəlxalq İşəgötürənlər Təşkilatının avropalı üzvlərinin illik toplantısında iştirak edib
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərliyi ilə nümayəndə heyəti Maltada keçirilən Beynəlxalq İşəgötürənlər Təşkilatının avropalı üzvlərinin illik toplantısında iştirak edib Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 9-11 sentyabr 2010-cu il tarixləri arasında keçirilən iclası Malta İşəgötürənlər Assosiasiyasının (MİA) prezidenti Pierre Fava açaraq, böhran ərəfəsində işəgötürənlər təşkilatlarının fəaliyyəti, bu təşkilatlara böhranın mənfi təsirləri və yaranan fəsadların aradan qaldırılması üçün imkanların araşdırılması barədə söhbət açıb.

İki gün davam edən toplantıda əsasən qlobal maliyyə böhranının işəgötürənlər təşkilatlarına təsiri, böhrana cavab olaraq müvafiq tədbirlərin görülməsi, bu sahədə sosial dialoqun rolu və gücləndirilməsi məsələləri müzakirə edilib. BİT-in vitse-prezidenti xanım Renate Hornung-Draus təşkilatın son dövrdə göstərdiyi fəaliyyətindən danışaraq biznes üçün qlobal imkanlar barədə çıxış edib. Digər ölkələrdən olan nümayəndələr Böyük 20-liyin qlobal idarəetmə orqanı olaraq biznes üçün yaratdığı imkanlar, böhrana sosial cavab olaraq qəbul edilən BMT/BƏT-in sosial müdafiə konsepsiyası, korporativ sosial məsuliyyət üzrə yeniliklər, əmək miqrasiyasının işçi qüvvəsinin məhsuldarlığına təsiri, işəgötürənlərin perspektiv və maraqları mövzusunda çıxış ediblər.

Toplantıda iştirak edən Məmməd Musayev dövlətin uğurlu siyasəti nəticəsində əvvəlcədən görülən tədbirlər sayəsində böhranın Azərbaycandan yan keçməsindən danışaraq, ölkənin hazırki iqtisadi durumu və iqtisadi inkişafı barədə ətraflı məlumat verib. Musayev çıxışı zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının sosial dialoq üzrə oynadığı rol, tərəfdaşlarla birgə gördüyü tədbirlər barədə söhbət açıb. Toplantıdan sonra M.Musayevlə keçirilən ikitərəfli görüşlər zamanı müxtəlf ölkələrin nümayəndələri Azərbaycana böyük maraq göstərdiklərini bildirərək, birgə əməkdaşlıq imkanları barədə müzakirələr aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə