Aqrar sahə Azərbaycana daha çox gəlir gətirəcək

Aqrar sahə Azərbaycana daha çox gəlir gətirəcək

Natiq Cəfərli: “Emal prosesi kənd təsərrüfatı üzrə əlavə olaraq 2-2,5 dəfə daha artıq gəlir götürməyə imkan verəcək”

Yaşar Əsədov: “Başlıca məqsəd məhz aqrar məhsulun emal olunaraq ixrac edilməsi olmalıdır”

Aqrar sahəyə artan diqqət fonunda müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsal və ixrac həcmi artır. İndi fikirlər səslənir ki, həmin məhsulların bir hissəsi emal olunaraq xaricə satılmalıdır və bu halda gəlir daha çox artacaq.

İqtisadçı-ekspert Natiq Cəfərli aqrar sahə məhsullarının emal şəklində xaricə çıxarılmasının mümkün olduğunu söylədi: “Əslində, xammal şəklində deyil, məhsulu emal edib xaricə çıxarmaq daha çox gəlir gətirir. Son zamanlar müəyyən qayğı göstərilən sahə kimi pambıqçılığı götürsək, onu xammal şəkildə satmaqdansa, emal edib ip və parçaya çevirib satmaq azı 2-2,5 dəfə artıq gəlir gətirir. Emal sənayesinin inkişafı həm də əlavə iş yerlərinin yaranmasına səbəb olur və ciddi effekt verən sahələrdən birinə çevrilir. O cümlədən digər sahələr üzrə də emal məsələsinə diqqəti artırmaq olar. Məsələn, meyvəçilik və tərəvəz məhsullarının emal olunaraq son məhsul şəklində xaricə satılması daha çox gəlir gətirə biləcək elementlərdən biri ola bilər. Ona görə də emal sənayesi çox vacibdir.
İnkişaf etmiş ölkələrin ixracat strukturuna baxdıqda görürük ki, çox zaman emal olunmuş aqrar sahə məhsullarının satışı ölkəyə daha çox gəlir gətirir. Ona görə də inkişaf etmiş ölkələr məhz bu amilə üstünlük verməyə çalışır. Azərbaycanda bu səbəbdən məhz emal sənayesinə ciddi fikir və dəstək verməlidir. Bu həm ölkə daxilində yeni iş yerlərinin yaranmasına, yeni qablaşdırma, daşınma və loqistika sahəsində obyektlərin yaranmasına da səbəb olar. Yəni, proses yan şirkətlərin də inkişafına stimul verər. Emal prosesi əlavə olaraq 2-2,5 dəfə daha artıq gəlir götürməyə imkan verəcək. Düşünürəm ki, yaxın gələcəkdə əsas hədəf məhz kənd təsərrüfatı üzrə emal sənayesinin ölkədə sürətlə inkişafına nail olmaqdan ibarət olmalıdır. Emal sənayesinin yaradılması üçün də xarici investorların cəlbi istiqamətində ciddi iş görməliyik. Çünki yeni texnologiyaların gəlməsi məhsuldarlığı artıracaq, həm də keyfiyyəti yüksəldəcək. Təəssüf ki, Azərbaycanda yeni texnologiyaların istehsalı həyata keçirilmir. Ona görə də yeni texnologiya və avadanlıqların ölkəyə gətirilməsi çox vacibdir. Xarici investorların bu sahədə təcrübəsi və bazara çıxış üçün əlavə imkanları da var. Yerli istehsalçılar üçün maliyyə mənbələrinə çıxış imkanları da genişləndirilməlidir. Kənd təsərrüfatı məhsullarının emal şəklində xaricə ixracının artırılması üçün orta və uzun müddətli, aşağı faizli, istehsala yönəlik kreditlərin verilməsi əsas məsələ olmalıdır. Yerli iş adamları da bu üstünlüklərdən istifadə edib, 5-8 illik kreditlərin aşağı faizlə götürülməsinə cəlb edilməlidirlər. Çünki istehsal və emal sənayesi elə sahələrdəndir ki, istehsal oturana qədər azı bir neçə il gəlir vermir. Lakin faizlərin indiki halda yüksək olması emalla məşğul olmaq istəyən iş adamlarını prosesdən yayındırır”.
İqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, aqrar məhsulların emal şəklində ixracına nail olmaq ölkənin başlıca məqsədinə çevrilməlidir: “Təkcə kənd təsərrüfatı məhsulları üzrə deyil, sənaye, yüngül sənaye məhsulları üzrə də əsas məqsəd məhz daha dərin emal olunmuş məhsul istehsalına nail olaraq onun ixracını həyata keçirmək olmalıdır. Əlbəttə ki, bunun üçün bazar olarsa.
Bu yay Rusiyanın Avropa hissəsində havalar çox sərin keçir. Havaların belə davam edəcəyi təqdirdə, Rusiyada kənd təsərrüfatı məhsulları keçən illə müqayisədə xeyli dərəcədə azalacaq. Deməli, mövcud vəziyyətdə Rusiyanın kənd təsərrüfatı bazarına xaricdən xeyli həcmdə məhsul ixracını həyata keçirmək mümkün olacaq. Bu mənada Azərbaycandan şimal ölkəsinə kənd təsərrüfatı məhsullarının ixracı da kifayət qədər arta bilər. Amma məsələ ondadır ki, Rusiyanın özündə emal sənayesi kifayət qədər inkişaf edib. Başqa bir tərəfdən, ölkəmizdə kənd təsərrüfatı məhsullarının emal olunaraq xarici ixracı fonunda onun xarici bazarın tələbatına cavab verib-verməyəcəyi bir qədər mürəkkəb məsələdir. Ancaq bütövlükdə kənd təsərrüfatı məhsullarının emal olunaraq xaricə ixrac edilməsi daha mənfəətlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə