İnvestisiya müsabiqəsi keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq "Lənkəran Çay-5" ASC-nin səhmlərinin pul hərracında satılmamış 30% hissəsinin özəlləşdirilməsi ilə əlaqədar elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub.

Komitədən SİA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün bir neçə iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib. Azərbaycan Respublikasının müvafiq nazirlik və təşkilatlarından nümayəndələrin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən hər iddiaçı iştirakçı statusunu əldə edib. Müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təklifləri baxıldıqdan sonra Müsabiqə Komissiyası açıq səsvermə yolu ilə qərar qəbul edib. Bu zaman müsabiqə şərtlərinə uyğun olaraq müəssisənin fəaliyyətinin genişləndirilməsi və gələcəkdə inkişaf etdirilməsi məqsədi ilə daha əsaslı İnvestisiya Proqramı və maksimum həcmdə investisiya yatırımı təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük verilmiş və müsabiqənin qalibi elan edilib.

İnvestitsiya müsabiqəsində qalib gəlmiş investor tərəfindən təqdim olunmuş İnvestisiya Proqramına əsasən müəssisəyə istehsal məqsədləri üçün 6 ay ərzində 259 900 manat həcmində investisiya qoyuluşları həyata keçiriləcəkdir. Bu investisiyalar yeni emal texnologiyası tətbiq etməklə istehsalın genişləndirilməsi və çay şitillərinin yetişdirilməsi istiqamətində fermentasiya sexinin, kiçik çaytəmizləmə sexinin, laboratoriya otağının, eləcə də içşilər və təcrübə keçən tələbələr üçün məşğələ otağının tikintisinə yönəldiləcək. Eyni zamanda İnvestisiya Proqramına əsasən çayçeşidləmə və çöptəmizləyici avadanlıqların alınıb quraşdırılması, inzibati binanın əsaslı təmiri, çay toxumlarının alınması, əkilməsi və çay şitillərinin tədarükü həyata keçiriləcəkdir. Nəticə etibarı ilə, investisiya layihəsini həyata keçirməklə çay istehsalının 3 dəfə artırılmasına, müəssisədə olan torpaq sahələrində 14 hektara yaxın yeni çay plantasiyalarının salınmasına və beləliklə, ekoloji təmiz çay məhsulunun alınmasına nail olunacağı və bütün bunların yeni meşə zolaqlarının salınmasına şərait yaradacağı gözlənilir.

Bunlarla yanaşı müsabiqənin digər şərtlərinə müvafiq olaraq, müsabiqənin qalibi 45 000 manat vəsaitin dövlət büdcəsinə köçürülməsini öhdəsinə götürüb. Həyata keçirilən investisiya layihəsinə uyğun olaraq istehsalın bərpası və inkişaf etdirilməsi nəticəsində müəssisədə 20 yeni iş yerinin açılması, digər sosial tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə