Azərbaycan Qərbə doğru irəliləyir AÇIQLAMA

Azərbaycan Qərbə doğru irəliləyir AÇIQLAMA

“22-ci Dünya Neft Konqresi neftlə bağlı dünyada keçirilən mötəbər beynəlxalq tədbirlər sırasındadır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib. Onun sözlərinə görə, burada həm neft hasilatçı ölkələri, həm ixracatçılar, eyni zamanda bu sahədə dünyanın tanınmış şirkətləri iştirak edirlər: “Konqresdə təkcə neft deyil, eyni zamanda qaz məsələləri, emal və karbohidrogenlərin istehlakçılara çatdırılması da müzakirə obyektidir. İstanbul konqresində Azərbaycan həmçinin SOCAR timsalında öz stendi ilə təmsil edilib və bu tədbirin sponsorlarından biri kimi çıxış edir. Azərbaycan Türkiyə bazarında 2008-ci ildən praktik fəaliyyətdədir. Kifayət qədər tanınır. Ancaq hədəf bazarda öz mövqelərini daha da genişləndirmək və Türkiyədən Qərbə doğru irəlilələməkdir. Düzdür, hazırda SOCAR Qərb bazarlarında İsveçrədə, Rumıniyada və Maltada fəaliyyət göstərir, ancaq cəmi bir neçə il sonra onların sıralarına Bolqarıstan, Yunanıstan və İtaliya da qoşulmalıdır. Ona görə də SOCAR və Azərbaycanın enerji layihələrinin təqdimatına ehtiyac var və yeni bazarlar üçün yeni mənbədən enerji daşıyıcısı gətirəcək ölkənin mesajları da çox önəmlidir. Bu baxımdan bu gün Dünya Neft Konqresi kimi müstəvidən istifadə etmək Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə