“Regionlarda sahibkarların maarifləndirilməsi” mövzusunda növbəti tədbir İmişlidə keçirilib
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Regionlarda sahibkarların maarifləndirilməsi" mövzusunda növbəti tədbir sentyabrın 15-də İmişli rayonunda keçirilib. SİA-nın məlumatına görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, İmişli rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də rayonda fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Siyavuş Mustafayev, Regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi Fərid İsayev və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin aparıcı məsləhətçisi Tural Əliyev çıxış edərək Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd ediblər.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov Mərkəz tərəfindən görülən işlər barədə məlumat verib.
Tədbir çərçivəsində İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Nürəddin Eynullayev sahibkarlar üçün "Biznesdə risklərin idarə edilməsi" və "Biznesin sığortalanması" mövzularında məruzələrlə çıxış edib.
Tədbir zamanı həmçinin, İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, portalın biznesin təşkili və inkişafı üçün yaratdığı imkanlar barədə sahibkarlara ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılıb.
İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, sahibkarlığın məsləhət-informasiya təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərini digər rayonlarda da davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB